Azərbaycan Premyer Liqasının XVI turunda keçirilən "Neftçi" - "Keşlə" görüşündə penalti qərarının təkrarlanması birmənalı qarşılanmayıb. Matc.az saytı xəbər verir ki, ev sahiblərinin kapitanı Emin Mahmudovun 67-ci dəqiqədə dəqiq zərbəsindən sonra baş hakim İnqilab Məmmədovun qolu hesaba almaması və qonaqların müdafiəçisi Tərlan Quliyevə sarı vərəqə göstərməsi söz-söhbətə yol açıb.

çünki qaydalara görə, penalti qolla nəticələnərsə, rəqib komanda oyunçularının cərimə meydanına vaxtından əvvəl girməsi qərarı dəyişmir. Ancaq Məmmədovun bu addımı müəyyən şübhələr yaradıb. üstəlik, Tərlan hakimə etiraza görə də cəzalandırılmayıb.

Qərar yanlış olsaydı, vərəqənin ləğv olunması da gündəmə gələ bilərdi. Ancaq əldə etdiyimiz məlumata görə, səbəb tam başqadı. Məsələ burasındadı ki, oyunçular zərbədən əvvəl cərimə meydanına girdiyindən, penati təkrarlanıb. Hər iki komanda üzvləri qaydanı pozduğu üçün referi bu qərarı verib. Tərlan Quliyevin sarı vərəqə almasına səbəb isə onun ikinci zərbə öncəsi penalti nöqtəsini ayağı ilə qazaraq, rəqibə maneçilik törətmək cəhdi olub. Bu isə protokola qeyri-idman hərəkəti kimi yazılıb.

Qeyd edək ki, "Neftçi" - "Keşlə" oyunu birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest