Əslində, turnir vəziyyətinə baxsaq, "dənizçilər"də hər şey qaydasındadı. Komanda 3-cü pillədədi və Avropa Liqasına yollanmaq üçün əla şansı var. Amma klub daxilində başqa cür düşünürlər.

"Zirə"yə son turdakı ev məğlubiyyəti vəziyyəti dəyişib. Həmin oyunda meydan sahibləri qalib gəlsəydi, "qartallar" başsız qalacaqdı. Qəsəbə təmsilçisinin fəxri prezidenti Orxan Məmmədov Samir Abasovdan narazıdı. Məşqçinin davranışı, oyunçularla münasibəti onu qane etmir. 2 dəfə göndərilmək üzrə olan Abasovu yalnız Məmmədovun dostları və məsləhətçiləri fikrindən daşındırıb. "Səbail"lə oyunda isə bəxt Samirin üzünə güldü. Saysız qol imkanlarını dəyərləndirə bilməyən meydan sahibləri rəqibin son pillədən qurtulmasına, eyni zamanda Abasovun işinə davam etməsinə şərait yaratdılar.

Əvəzində Hacıyevin vəziyyəti yaxşı deyil. Bu tur "Sabah"la ev, ardınca "Neftçi" ilə səfər oyunları məşqçinin taleyini müəyyən edəcək. Komanda minimum 3 xal toplamasa, istefa qaçılmaz olacaq.

İnsaf naminə, Bayıl təmsilçisi son vaxtlar pis təsir bağışlamır. "Keşlə"nin səfərdə darmadağın edilməsi, ardınca məğlubiyyətə layiq olmadıqları son görüş komandaya inamı artırmalıydı. İlk 2 dövrə ilə müqayisədə "dənizçilər" indi daha yaxşı oynayır. Lakin rəhbərliyin fikri başqadı. Komandanın kifayət qədər yaxşı büdcə ilə az xal toplaması narazılıq yaradıb.

16 oyuna 24 xal əldə edən "Səbail" hazırda 3-cü pillədədi. Lakin "Qəbələ" onları dabanqırma izləyir və bu yerin əldən çıxmaq ehtimalı var. 4-cü yer də avrokuboka getməyə şans saxlayır, lakin kubokda mümkün sürprizdən, kiminsə avrokuboka vəsiqəni buradan qazanmasından ehtiyat edən klub rəhbərliyi bürünc medalı hədəf götürüb. "Səbail"in ehtiyatındakı xalın 6-nın texniki qələbə sayəsində, təsadüfdən qazanıldığını nəzərə alsaq, narahatlığa əsas var. Həmin xallar olmasaydı, komanda indi 5-ci pillədə qərarlaşmalıydı.

Bu məsələdə hər şey heç də təkcə idman nəticələrinə görə deyil. "Səbail"də rəhbərlik 2 cəbhəyə bölünüb. Məşqçi və futbolçu heyətini toplayan dəstə başqa, klubun maliyyəsinə nəzarət edənlər başqadı. Məhz ikincilər əvvəldən xoşlarının gəlmədiyi Hacıyevi qovmaq üçün hər şeyə hazırdı. İcraçı direktor Ramin Həsənovun başçılıq etdiyi bu qrup transferlərə, xərclərə qarışa bilmir. ümumi maliyyə nəzarəti onlarda olsa da, maliyyəni ürəkləri istədiyi kimi xərcləyə bilmirlər. Digər dəstə isə transferlərdən pis qatlamır.

Ortada qalan Hacıyevdi və onun beyin rahatlığı ilə işləməsi üçün şərait yoxdu. Hər an arxadan zərbə gözləyən məşqçi istənilən an göndərilə biləcəyini anlayır. çünki onun hamiləri də transfer dövründə yükünü tutub və indi məşqçiyə məcburən aldırdıqları oyunçularla nəticə qazanılmasını istəyir. Yuxarılara cavab vermək lazımdı və günahların üstünü örtmək üçün çətin məqamda aradan götürülməli olan məşqçidi. Kluba böyük pullar ayrılıb və normal idarəçiliklə həmin maliyyəyə yaxşı transferlər etmək, hətta 2-ci yer uğrunda döyüşmək olardı.

İstənilən halda, Hacıyev şıxılmaz vəziyyətdədi. Nəticə lazım olanda rəhbərliyin hər iki dəstəsi eyni şeyi istəyir. Ona görə də "Sabah" və "Neftçi" ilə oyunların önəmli olması məşqçiyə təzyiqi bir az da artırıb (futbolinfo.az).

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest