"Qarabağ" bu gün UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb. Matc.az xəbər verir ki, Ağdam klubu Macarıstanın "Ferentsvaroş" komandası ilə qarşılaşıb.

Rusiyalı mütəxəssis Stanislav çerçesovun baş məşqçisi olduğu komanda ilə görüşdə "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunun dolu tribunaları önündə mübarizə aparıb. "Qarabağ" ilk matçda qələbə qazanmaqla, cavab oyununa üstün durumda yollanmağı hədəfləmişdi. Amma bu oyunda hesabı qonaqlar açıblar. Azərbaycan çempionu buraxılan topun əvəzini tez çıxsa da, qalan dəqiqələrdə başqa qol qeydə alınmayıb. Beləcə, ilk oyun heç-heçə bitib. Cavab matçı avqustun 9-da Budapeştdə olacaq.

Qurban Qurbanovun komandası bu mərhələyədək çempionlar Liqasında Polşa "Lex"ini və İsveçrə "Sürix"ini mübarizədən kənarlaşdırıb.

UEFA çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu

3 avqust

Qarabağ – Ferentsvaroş 1:1
Qol: K.Ovusu, 34 – F.Boli, 17.
Hakimlər: Andreas Ekberq, Mehmet çulum, Niklas Nyuberq, Adam Ladebek (hamısı İsveç).
Bakı. T.Bəhramov adına Respublika stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Ferentsvaroş: 90. Deneş Dibus (k), 3. Sami Mmae, 4. Mats Knuster, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 16. Kristoffer Zakariassen, 17. Eldar çiviç, 20. Adama Traore, 21. Endre Botka, 70. Frank Boli, 93. Aissa Laiduni.
Ehtiyat oyunçular: 1. Adam Boqdan, 61. Sabolç Merql, 5. Məhəmməd Beşiç, 15. Adnan Kovaçeviç, 19. Balint Veçei, 23. Lorand Paska, 25. Rasmus Telander, 28. Karlos Auski, 44. Stepan Lonçar, 50. Markinyos, 76. Kristian Listeş.
Baş məşqçi: Stanislav çerçesov.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest