Bu gün AFFA ilə Türkiyənin məşhur geyim brendi "D’S Damat" arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib. Matç.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mərasim Bakı Olimpiya Stadionunda təşkil olunub.

Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və "D’S Damat" şirkətinin idarə heyətinin sədri Süleyman Orakçıoğlu müqaviləni imzalayıb. Müqavilənin şərtlərinə əsasən, şirkətə Azərbaycan milli komandasının iştirak etdiyi UEFA Millətlər Liqası və Avropa çempionatının seçmə mərhələsinin ev oyunlarında marketinq hüquqları təqdim olunur. Həmçinin "D’S Damat" milli komandanın üzvlərini və AFFA-nın əməkdaşlarını kostyumlarla təmin edəcək.

AFFA-nın baş katibi Elxan Məmmədov sponsorluq müqaviləsi ilə bağlı fikirlərini bildirib: "Azərbaycan Futbol Federasiyaları Assosiasiyası müxtəlif tanınmış şirkətlərlə əməkdaşlığını davam etdirir. Sevindirici haldı ki, tərəfdaşlarımızın sırasına bu gün daha bir tanınmış şirkət əlavə olundu və imzaladığımız sponsorluq müqaviləsi ilə əməkdaşlığımızı rəsmiləşdirdik. AFFA ilə "D’S Damat" şirkətinin qarşlıqlı əməkdaşlığının hər iki tərəf üçün faydalı olacağına ümid edirik. Sponsorluq müqaviləsi sayəsində milli komandanın üzvləri meydandan kənarda D’S Damat şirkətinin müasir dəbli və eleqant geyimlərindən istifadə edəcək, qarşılıqlı olaraq, "D’S Damat" şirkətinə millinin rəsmi oyunları zamanı marketinq hüquqları təmin olunacaq. Bu gün imzalanmış sponsorluq müqaviləsi münasibətilə AFFA və "D’S Damat" şirkətini bir daha təbrik edirəm".

Süleyman Orakçıoğlu da müqavilə barədə fikirlərini bildirib: "Türkiyə milli komandası ilə birlikdə Türkiyə Super liqasından "Fənərbaxça", "Trabzonspor", "Bursaspor "və "Ankaragücü" klublarına verdiyimiz dəstəyi ölkə xaricində də davam etdiririk. Xüsusilə də, qardaş ölkəmiz Azərbaycanın milli komandasına sponsor olmağımıza çox şadam. AFFA-ya və futbol üzrə Azərbaycan milli komandalarına uğurlar arzulayıram. Türkiyədə və dünyada idmana və idmançılara dəstəyimizi davam etdirəcəyik".

Qeyd edək ki, 2002-ci ildən etibarən "D’S Damat" kişi geyim bazarının lideri olmaqla bərabər, rəqabətədavamlı qiymətlər ilə keyfiyyət, rahatlıq və dizayn təqdim edir. "D’S Damat" 100 faiz yerli parçalardan hazırlanan geniş və dünya standartlarına uyğun olan kolleksiyaları, yüksək uyğunluğa malik texnologiya ilə rahatlığı birləşdirən dizaynları ilə dünyanın ən çox danışılan brendinlərindən birinə çevrilmişdir. "D’S Damat" dünya üzrə 200 dən çox mağazası ilə kişi geyimlərində vərdişləri dəyişməyə davam edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest