Region Liqasında, aşağı yaş qruplarında baş məşqçilərin hakimi söyməsi, dava-dalaşa görə cəzalandırılması adi hal alıb. Dünənki "Neftçi" - "Səbail" haqq-hesabından sonra isə onları qınamaqdan vaz keçdim.

Bu ölkədə A kateqoriyalı məşqçi, İtaliya kimi ölkədən gələn mütəxəssis "razborka" çürüdürsə, daha uşaq komandalarının məşqçilərində nə günah görək? Təəssüf ki, bizdə çox vaxt oyun zamanı baş verən hansısa olay meydandakı mübarizəni, nəticəni kölgədə qoyur. Dünənki "Neftçi" - "Səbail" matçı sıradan deyil, turun mərkəzi oyunu idi. Biri çempionluğa iddia edir, digəri isə bürünc medala. Belə bir məqamda başqa sözə ehtiyac da yoxdu.

Amma oyundan sonra əlbəyaxa olmamaq üçün özlərini güclə saxlayan Aftandil Hacıyevlə Roberto Bordin mətbuat konfransında bir-birinin arxasınca deyindi.

Hacıyevi hələ futbolçu vaxtından çox yaxşı tanıyıram. Həmişə sakitliyi, tərbiyəsi ilə komanda yoldaşlarına nümunə olub. Məşqçiliyə başlayandan sonra da xarakterində bir dəyişiklik olmadı. Qalmaqaldan uzaq, başını aşağı salıb öz işi ilə məşğul olan insandı. Mətbuat konfransında dediyinə görə, "Neftçi"nin futbolçusu onlar tərəfə tüpürüb. Hansısa qayda pozuntusu zamanı məşqçinin etiraz etməsi normal haldı. Bunu Zidan da edir, Qvardiola da, digərləri də. Ancaq rəqib futbolçunun buna qarşılıq olaraq tüpürməsi qəbuledilməzdi.

Bordin isə həmkarından fərqli, qan-qan deyirdi. Hətta mətbuat konfransında Aftandil Hacıyevi oyundan sonra "razborka"ya dəvət etdiyini də gizlətmədi. Bu azmış kimi, həmkarını qorxub qaçmaqda günahlandırdı.

Yerli mütəxəssisin üstündən "malalayaraq" keçdiyi olayı ölkəmizdə qonaq olan birinin böyütməsi, küçə davasına qədər aparmasına bir anlam verə bilmirəm. Liviyada italyan ailəsində anadan olan Bordin bəlkə ölkəsindəki mafiya qruplaşmalarına güvənir, deyə bilmərəm. ümumiyyətlə, gördüyü işdən çox hərəkətləri ilə diqqət çəkən mütəxəssis qısa müddətdə Azərbaycanda mübahisə etmədiyi həmkar qoymadı. Hətta bilməyərəkdən də olsa, köməkçisini nokauta da salıb.

Rəhbərlik, Müşahidə Şurası - "Neftçi"yə ağalıq edən hər kimsə bu insana klubun ağırlığını, tarixini tam başa sala bilməyib. Futbol məşqçisi güc göstəricisini dillə, yumruqla deyil, qurduğu taktika ilə, qələbələrlə etməlidi. Yox, əgər Bordin bura döyüş sənətinin incəliklərini göstərməyə gəlibsə, o zaman Zabit Səmədova müraciət etsin.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest