02 Noyabr 2022, 16:35
DÇ-2026
Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında altıncı əvəzetməyə şərait yaradılacaq. Matc.az xəbər verir ki, beyin silkələnməsinə məruz qalan oyunçunun əvəzlənməsinə görə limitin keçilməsi üçün "yaşıl işıq" yandırılacaq.
Yeniliklə bağlı danışan FİFA-nın tibbi direktoru, amerikalı alim Endryu Massey bu haqda belə deyib:
"Beyin sarsıntısı protokolu komanda həkimləri üçün yeni təlimatdır. O, hansısa digər zədə ilə eyni deyil. Belə xəsarətin özünü göstərməsi bəzən 72 saat çəkə bilər. Komanda həkimlərinə düzgün qərarlar verməyə kömək etməliyik. Real və ya şübhəli sarsıntı halında, Dç-2022-də indiyə qədər icazə verilən beş dəyişikliyə əlavə olaraq, daha bir əvəzetməyə imkan yaradılacaq. Məqsəd hər mərhələdə futbolçunun maraqlarına uyğun hərəkət etməkdir. Amma bunu komandanın hesabına etmək ədalətli deyil. Biz komandanı say və ya taktiki cəhətdən əlverişsiz vəziyyətdə qoymaq istəmirik. FİFA-nın bütün işi komandaların həkimlərinə dəstək olmaqdır".
Qətərin ev sahibliyi edəcəyi mundial noyabrın 20-də start götürəcək.