Apostrofun ahıl, Cəbrayıloğlunun sütül vaxtlarıydı.
Biz o illərdə tanış olduq. Gündüz çörəkpulu qazanıb, gecə mağazadakı basabasda çörək ala bilmədiyimiz illər...
Eynəkli adamlara tez qanım qaynayır, asan dil tapdıq haqq üçünə o üzdən, amma ad-familiyasının – özü kimi – uzunluğu ürəyimi üzdü. Xoşbəxtlikdən yazanda mətləbi çürütmür, bir az da tez götürür ocağın üstündən yazını...
Ariflər dərdini təbəssümüylə örtər - Şəms Təbrizi belə anladır. Onun örtüyü çəkildiyi köşədi.
Yazdığı yox ha, çəkildiyi köşə!
O "nə" sualına cavab verən hər şeyə qıraqdan baxır:
paltarlara,
maşınlara,
evlərə,
adlara...
Amma canlılara yox. İt onun üçün "nə" sualına deyil, "kim" sualına cavab verir.
- Kim?
- ...
Qoy zəng edib itinin adını özündən soruşum. Açmır. Hardasa yas yerindədi yəqin. Adam bircə səhər evdə tikə dadır. Günorta Təzəpirdə, axşam toy - ad günü - təqdimat - nəgəldidə...
Pandemiya vaxtı ancaq itsaxlayanları çölə buraxırdılar. Onun da dedim axı - bir iti var, biz evdən çıxmayanda o küçüyü də böyrünə salıb...
Zəng elədi:
- Salam, xeyir ola, indi gördüm zəngini.
- İtinin adını soruşacaqdım.
- Müsahibə istəyirlər ondan? Ceysi! De, adın düz yazsınlar: Cey-si!
...həyətdə var-gəl eləyirdi. Biz də balkondan baxıb ona, ondan da çox Ceysiyə (görən düz yazdım itin adını?) həsəd aparırdıq. O çox hündürdü, it çox alçaq. Ya özü gödəlməlidi, ya da Ceysi (deyəsən, düz yazdım itin adını!) uzanmalıdı. Bu düşüncəylə ondan heyfimizi alırdıq. Harda? Əlbəttə ki, balkonda...
Cəbrayıloğlu qələmi iti olanlardandı. Onun satirasına qılıncının dalı-qabağı kəsənlər tuş gəlir. Elə ki qılıncları pas tutdu, Etibar onlara dəyib-dolaşmır. O hələ bir yol vəzifədən çıxanın dalınca qələm çalmayıb!
Yazıya elə burdaca nöqtə qoymaq olardı.
Olmur.
çünki bir də var qələmi itin olanlar... Onlara indi söydükləri eks - məmurdan bir vaxt zəng gələndə yeddi gün döşəklərini gün qurutmurdu...
İlqar Musayeviçin cari zarafatı vardı 2003-cü ildə. Deyirdi, apostrof ləğv olunandan bir çox yoldaşların adları yüngülləşib sanki. Etibar elə deyil. O vaxt da, indi də oxuduğum ağır imzalardandı. Bunu 55 yaşında da deməyib, nə vaxt deyəsiyəm?..
Qulu AÄžSƏS