İspaniya millisinin mərkəz yarımmüdafiəçisi Mikel Merino dünya çempionatının yarımfinal mərhələsində Fransaya qarşı keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb. "Arsenal"ın futbolçusu finala yüksəlmək üçün Didye Deşamın komandasına qarşı necə oynamaq lazım olduğunu izah edib.
Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Bildirilir ki, ispaniyalı oyunçu matç haqqında danışarkən fərdi mübarizələrin önəmini vurğulayıb: "Özümüzə sadiq qalaraq və xüsusilə əsas epizodlarda üstünlük təşkil edərək çox yaxşı bir oyun keçirməliyik. Fərdi hərəkətlər, çoxlu ikili mübarizələr olacaq ki, onlar bu komponentdə çox güclüdürlər. Topa sahib olan hər kəs qol epizodu yarada bilər. Hər kəs maksimum dərəcədə konsentrasiya olmalı və hər bir epizodda öz işini yerinə yetirməlidir".
Fransa və İspaniya arasında keçiriləcək dünya çempionatının yarımfinal oyunu iyulun 14-də Arlinqtondakı "AT&T Stadium"da baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Mikel Merino cari dünya çempionatında keçirilən hər 6 oyunda meydanda olub və 2 qolla yaddan qalıb.
Qeyd edək ki, bu Avropa komandaları daha əvvəl dünya çempionatı çərçivəsində yalnız bir dəfə üz-üzə gəliblər. 2006-cı ildə təşkil olunan turnirin 1/8 finalında fransızlar ispaniyalıları 3:1 hesabı ilə məğlub ediblər. Ümumilikdə isə bu yığmalar yaşıl meydanda 38 dəfə qarşılaşıblar. Hazırda qələbə sayında üstünlük "Qırmızı furiya"nın tərəfindədir – 18:13.












