Seneqal Futbol Federasiyasının prezidenti Abdulay Fal milli komandada uzun illər fəaliyyət göstərən baş həkim Fedior ilə bağlı hər kəsi şoka salan faktı açıqlayıb. Məlum olub ki, yığmada 10 il çalışan tibb işçisinin əsl ixtisası futbol sahəsinə tamamilə uzaqdır.
Matc.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
Bildirilir ki, federasiya rəhbəri baş həkimin futbolçuların sağlamlığına nəzarət etmək üçün müvafiq akademik ixtisasa sahib olmadığını etiraf edib: "Bu yaxınlarda öyrəndim ki, doktor Fedior əslində ixtisasca ginekoloq və mama-ginekoloqdur. Bizim baş həkimimizin oyunçularımızı müayinə etmək üçün lazımi akademik ixtisası yox idi. Mənə gələn rəylərə görə, futbolçular tam əmin deyildilər ki, ona güvənə bilərlər və ya o, onların sağlamlığını daim tam nəzarətdə saxlaya bilər".
Qeyd olunur ki, milli komandanın düşərgəsində aparılan daxili auditdən sonra tibb işçisinin əsl təhsili üzə çıxıb.
Xatırladaq ki, Seneqal Futbol Federasiyası dünya çempionatındakı uğursuzluqdan sonra baş məşqçi Papa Tiavunu istefaya göndərib. Onun yerinə əsas namizəd kimi Patrik Vieyra göstərilir.
Seneqal millisi cari dünya çempionatında 1/16 final mərhələsində Belçikaya 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.












