Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” klubunun yeni transferi, yaponiyalı futbolçu Musaki Muratanın matc.az saytına müsahibəsi

- Komandanızın hazırlıq mərhələsi necə keçdi?
- Əla hazırlıq keçdiyimizi düşünürəm. Çox yaxşı komandamız var. Əsas məqsədimiz çempionatın startına qədər tam hazır vəziyyətə gəlməkdir. Təxminən 1 aya yaxındır yalnız fərdi məşqlərlə kifayətlənirdim, artıq bir müddətdir yeni komandamla hazırlıqlara başlamışam. Çətinlik çəkmirəm, tez bir zaman hazır vəziyyətə gələcəyimə inanıram.

- “Sumqayıt”a keçidin necə baş tutdu?
- “Valmeria”da yaxşı mövsüm keçirmişdim. Çempion olduqdan sonra bir neçə klubdan təklif aldım. “Sumqayıt”dan təklif gəldikdən sonra çempionatı və klubu araşdırdıqdan sonra müqavilə imzalamağa qərar verdim.

- Təklif almazdan öncə Azərbaycan futbolu və “Sumqayıt” haqda məlumatın var idi?
- Latviyada olan zaman bəzi çempionatlar haqqında məlumatlı idim. Azərbaycan çempionatının güclü bir liqa olduğunu deyə bilərəm, iddialı klublar var. Burada özümü yaxşı tərəfdən göstərəcəyimə inanıram

- Yaponiyadan Azərbaycana nadir hallarda futbolçu gəlir. Bu amil səni qorxutmur?
- Karyeramın çox hissəsini Yaponiyadan kənarda keçirmişəm. Bu səbəbdən bu amili mənə aid etmək olmaz. Qətiyyən çəkinmirəm, var gücümlə komandama kömək etmək üçün burdayam.

-  Həmyerlin Keysuke Honda ölkəmizdə “Neftçi”nin formasını geyinib. Azərbaycan variantı yarananda imkanın olsaydı, onunla məsləhətləşmək istərdin?
- Hondanın Azərbaycan çempionatında iştirak etdiyini bilirdim. O, möhtəşəm bir futbolçudur, ölkə futbolumuzun demək olar simvollarından biridir. Möhtəşəm karyeraya sahibdir.

- “Sumqayıt”ın mövsümün ilk yarısındakı nəticələri o qədər də ürəkaçan deyil. İkinci yarı ilə bağlı nəyə ümid edirsiniz?
- Yaxşı toplanışından sonra əsas məqsədimiz mövsümün ikinci yarısına yaxşı start verməkdir. Düşünürəm ki, əla komandamız var və bütün komanda olaraq, fasilədən sonra uğur qazanacağıq.

- Cəmi 23 yaşın var. Gələcəklə bağlı planların nələrdi: burada uzun müddət qalmaq, yoxsa Avropanın böyük futbol ölkələrində oynamaq?
- Hazırda məni düşündürən komandam üçün faydalı olmaqdır. Bu səbəbdən var qüvvəmlə çalışıram. Məşqlərdə əlimdən gələni edirəm ki, tam formaya düşüm. İndi məni maraqlandıran, sadəcə “Sumqayıt”dır. Tam hazır olub, komandama kömək etməkdir.

TURAN

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest