Almaniyanın "Bavariya" klubu "Tottenhem"in hücumçusu Harri Keyni heyətə qatmaq istəyir. Matc.az "Daily Telegraf"a istinadən xəbər verir ki, Münhen təmsilçisi bu transferin reallaşması üçün təklif hazırlayır.
Nəşrin yazdığına görə, "Tottenhem" Keyn üçün istənilən ingilis klubundan 100 milyon funt-sterlinq (təxminən 114 milyon avro) tələb edəcək. Eyni zamanda, futbolçu ilə maraqlanan əcnəbi komandalar üçün qiymətin aşağı salınacağı gözlənilir.
"Bavariya" isə vəziyyəti diqqətlə izləyir. Keyn özü də London təmsilçisi ilə müqaviləni yeniləməyə tələsmir. 29 yaşlı hücumçu yalnız çempionlar Liqasına çıxmaq və ya kubok qazanmaqla "Tottenhem"də qalmağa razılıq verə bilər.
Keyn bu mövsüm Premyer Liqada 19 oyuna çıxıb, 15 qol vurub.
TURAN