Şotlandiyanın aşağı liqa təmsilçisi “Johnstone Burgh” futbol tarixində qeyri-adi hadisə ilə gündəmə gəlib. Klub təqvimdəki uyğunsuzluq səbəbindən eyni vaxtda iki fərqli komandaya bölünərək meydana çıxmağa hazırlaşır.Matc.az xəbər verir ki, bu barədə “FourFourTwo” nəşri məlumat yayıb.
Klubun hər iki kubok qarşılaşması noyabrın 21-nə təyin olunub. “Johnstone Burgh” həmin gün Şotlandiya İcmalar Kubokunda “Tayport”, Lowland Liqa Kubokunda isə “Dunipace” ilə üz-üzə gəlməlidir. Hər iki görüş səfərdə keçiriləcək.
Klub rəhbərliyi oyunların vaxtını dəyişmək üçün müxtəlif variantlar təklif etsə də, tərəflər arasında razılıq əldə olunmayıb. Komanda hətta qarşılaşmalardan birini həftəiçi, cümə axşamı və ya bazar günü keçirməyi, eləcə də oyunların ardıcıl təşkilini təklif edib.
Bütün variantlar nəticəsiz qaldığından klub hər iki görüşdə iştirak etmək üçün heyətini bölməyi planlaşdırır. Beləliklə, bir qrup futbolçu “Tayport”la, digər qrup isə “Dunipace”lə qarşılaşacaq.
Qeyd edək ki, “Johnstone Burgh” ötən mövsüm yüksəliş əldə edərək Şotlandiyanın Lowland Liqasının Qərb qrupunda mübarizə aparmağa başlayıb.
Mahir AXUND













