"Səbail"lə anlaşmaq üzrə olan Maykl Essyen klubun bu gün "Qarabağ"la matçını izləyənlər arasında olub. Oyundan sonra jurnalistlərə açıqlama verən qanalı yarımmüdafiəçi matc.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Essyeni artıq "Səbail"in oyunçusu saymaq olar?

- Klub rəhbərliyi ilə görüşdən sonra daha dəqiq məlumat ala biləcəksiniz.

- "Səbail" – "Qarabağ" oyununu tribunadan izlədiniz. Azərbaycan çempionatı haqqında nə düşünürsüz?

- çox yaxşı oyun keçdi. "Səbail"in məğlub olmasına baxmayaraq, düşünürəm ki, kifayət qədər gərgin matç izlədik. "Qarabağ"ın qələbəsində təcrübə amilinin həlledici olduğunu düşünürəm.

- Dünyanın bir sıra aparıcı ölkələrində çıxış etmisiz, çempionlar Liqasının  qalibi olmusuz. Maraqlıdı, "Səbail"in təklifində hansı məqam sizin diqqətinizi çəkdi?

- Dediyiniz faktlar keçmişdə qalıb. Sadəcə, oynamaq istəyirəm. Avropa Liqasının tanıtımı ilə əlaqədar Bakıya gələndə klubun rəhbərliyi ilə görüşdük, mənə gələcək planlarından danışdılar, cəlbedici oldu və özümü yeni çağırış üçün hazır sayıram.

- İmkanınız olsa, sizinlə birlikdə Bakıya gəlmiş daha hansı veteran futbolçunu Azərbaycan çempionatına gətirmək istərdiniz?

- Bu barədə heç düşünməmişəm.

- 2017-ci ildə İndoneziya çempionatında oynamısız. Həmin zamandan sonra hansısa təklif olmuşdu sizə?

- Həmin vaxt bir neçə təklif gəlmişdi, əsasən Avstraliya çempionatından klublar maraqlanırdılar. Amma ora çox uzaq olduğu üçün rədd etdim, həm də qısa bir fasilə vermişdim özümə. "çelsi"də məşqçilik kursları da keçdim bu müddətdə.

- Yaşla əlaqədar sürət probleminiz olmayacaq?

- Həyatımda çox futbol görmüşəm, sizinkindən daha sürətli çempionatlara şahidlik etmişəm, məncə, oynaya bilərəm.

- Sizin gəlişiniz Azərbaycan futbolu və "Səbail" üçün böyük reklam olacaq. Siz bu barədə nə düşünürsüz?

- Mən futbolçuyam, fikrim ancaq meydana çıxıb orda komandama xeyir verməkdir. Siz dediyiniz nüans barəsində heç vaxt fikirləşməmişəm.

- Futbolçu kimi əsas tələbiniz nə olub?

- Heç bir xüsusi tələbim olmayıb. Əsas məqsədim isə budur ki, yanımda oynayan gənclər təcrübələrimdən faydalansınlar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest