21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi başa çatıb. Matç.az saytı xəbər verir ki, Azərbaycan yığması üçün tsikl fiasko ilə nəticələnib.
Komandamız seçmə mərhələnin 10 oyununda qələbə qazana bilməyib. Hesabında 3 heç-heçə və 7 məğlubiyyət olan yığmamız Avropanın ən zəif 6 komandasından biri olub.
Belə ki, yalnız 6 yığma tsikli qələbəsiz başa vurub. Lixtenşteyn və San-Marino bütün matçlarda uduzubsa, Estoniya isə 2 xal toplayıb. Millimiz də məhz bu "üçlük"lə təsəlli tapa bilər. Komandamızın özü isə Andorra səviyyəsində çıxış edib. Sonuncular da qələbə qazanmadığı tsikli 3 xalla başa vurub. Latviya isə heç-heçələrlə daha çox – 4 xal toplayıb. Düzdü, Cəbəllütariqin də hesabında 3 xal var. Lakin onlar heç olmasa bir dəfə qələbə sevinci yaşayıb.
Millimiz qol sayında da sonuncu "altılıq"dadı. 10 görüşdə 6 dəfə fərqlənən futbolçularımız Andorra, San-Marino (hərəyə 1), Lixtenşteyn, Cəbəllütariq (hərəyə 2) və Latviyadan (5) öndədi.
10 oyunda 27 qol buraxan yığmamız bu göstəricidə zəfilərdən "5-ci"di. Millimiz Lixtenşteyn (42), Cəbəllütariq (36), San-Marino (29), Andorra (28) ilə müqayisədə təsəlli tapmalıdı.
Topların fərqində də Azərbaycan ən zəiflərlə "beşlik" təşkil edir. Lixtenşteyn (-40), Cəbəllütariq (-34), San-Marino (-28), Andorra (-27) və millimiz (-21) hamı üçün "asan yem" olub.
Turnir cədvəlindəki bərbad göstəricilərdə Avropada ən acizlərdən biri olan yığmamız statistik komponentlərdə də sonunculardandı. Hesabında 57 zərbə olan milli yalnız 4 yığmanı – Cəbəllütariq, San-Marino, Lixtenşteyn, Andorranı qabaqlayır. Ermənistanla eyni sayda 23 "korner"i olan komanda burada da ancaq 4 millidən - Cəbəllütariq, San-Marino, Lixtenşteyn, Andorradan öndədi. O qədər də hücum etməyən futbolçularımız ofsayda da 8 dəfə - İsveç və San-Marino qədər düşüb. Bu "üçlük" yalnız Cəbəllütariqdən qabaqdadı.
3 qırmızı vərəqə ilə ən intizamsızlardan olan yığmamız bu mənfi mənada da dörd dəfə cəzalanan 4 millini – Yunanıstan, Lüksemburq, Rumıniya və Makedoniyanı üstələyir.
Qeyd edək ki, seçmə mərhələdə Avropanın 54 komandası mübarizə aparıb. Yalnız final mərhələsinin meydan sahiblərindən biri İtaliya birbaşa vəsiqə alıb.