Şimali İrlandiya millisinin futbolçusu Kayl Lafferti qadağa ilə üzləşib. Matç.az saytı xəbər verir ki, İrlandiya Futbol Assosiasiyası (İFA) hücumçunun Şotlandiya çempionatının qarşıdakı turunda meydana çıxmasına qadağa qoyub.
Bu üzdən Lafferti çıxış etdiyi "Reyncers"in "Hamilton"la matçında meydana çıxa bilməyəcək.
Məsələ ondadı ki, Lafferti zədə səbəbindən yığmanın Millətlər Liqasındakı oyunları buraxıb. Avstriya (0:1) ilə Bosniya və Herseqovinaya (0:2) qarşıgörüşləri buraxan Kayl "Reyncers"in qarşıdakı matç üçün heyətinə daxil edilib.
Bu da İFA-nı qəzəbləndirib. çünki futbolçunun milliyə gəlməməsinin "saxta zədə"ylə bağlı olması ehtimalı yaranıb. Hətta bu ehtimal düz olmasa belə zədədən dönən oyunçunun "Hamilton"la matçda xəsarətini yeniləməsi təhlükəsi də nəzərə alınıb.
Bütün bunları nəzərə alan İFA məcburən FİFA qaydalarının tətbiqini tələb edib. Qaydalara görə federasiya zədəli futbolçunun millinin oyunundan sonrakı 5 gündə meydana çıxmasına qadağa qoymaq hüququna malikdi. İFA da belə addımı zəruri sayıb.
Qeyd edək ki, 20 qol vurduğu millidə 68 oyun keçirən Lafferti Azərbaycan yığmasına qarşı da oynayıb. Bir müddət əvvəl isə onun "Qarabağ"a keçməsi barədə xəbərlər yayılmışdı.