"Səbail"in keçmiş futbolçusu Faruk Miya yığması Uqandanın liderinə çevrilməkdədi. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçinin Afrika Millətlər Liqasının seçmə mərhələsində Lesoto ilə səfərdə vurduğu qollar uqandalılara qələbə qazandırıb.
Məhz Miyanın dublu sayəsində 2:0 hesabı ilə qalib gələn Uqanda 4 turdan sonra 10 xalla qrupa başçılıq edir. Yerli KİV onun yüksəlişini klub dəyişikliyi ilə əlaqələndirir. Belə ki, afrikalılar Miyanın yayda "Səbail"dən ayrılaraq Xorvatiya "HNK Qoritsa"sına keçidini irəli atılmış addım hesab edirlər. Həmkarlarımız 21 yaşlı oyunçunun gələcəkdə böyük futbol ölkələrindən birinə keçəcəyini proqnozlaşdırırlar.
Qeyd edək ki, Faruk Miya bu ilin əvvəlində icarə əsasında "Standard"dan "Səbail"ə keçmişdi.