“Araz-Naxçıvan”ın moldovalı qapıçısı Kristian Avramın matc.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının XXXII turunda heç kimin gözləmədiyi halda, səfərdə “Zirə”yə qalib gəldiniz. Nəyin hesabına sürpriz etməyi bacardınız?

- Oyunu yaxşı keçirdik. Məşqçilər korpusu bu matça düzgün qaydada hazırlaşmağımıza kömək etdi. O ki qaldı qeydə alınan nəticəyə, əsas odu ki, qalib gəlməyi bacardıq. Çünki bu qələbə “Araz-Naxçıvan” üçün çox vacib idi.

- Yeri gəlmişkən, bu qələbə “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Elmar Baxşıyevin rəhbərliyi altında ilk qalibiyyəti oldu. Necə düşünürsünüz, Baxşıyev öz fəlsəfəsini futbolçulara tam olaraq aşılaya bilib, yoxsa bunun üçün ona bir qədər də vaxt lazımdı?

- İstərdik ki, “Zirə” üzərindəki qələbənin ardı gəlsin. Qalibiyyətlərimiz çox və tez-tez olsun. Komanda məşqdən-məşqə Elmar Baxşıyevin bizdən tələb etdiklərini daha yaxşı qavramağa başlayır. Amma təbii ki, yeni məşqçimizə bir qədər də vaxt lazımdı.

- Elmar Baxşıyevlə “Araz-Naxçıvan”ın sabiq çalışdırıcısı Azər Bağırov arasında hansı fərqlər var?

- Fərq ancaq yaşlarındadı (gülür). Hər bir məşqçinin öz dəst-xətti, oyun fəlsəfəsi, yanaşması olur. Əsas odu ki, hər ikisi bütün fikrini işinə yönəldir və bu, komanda üçün olduqca vacibdi.

- Növbəti turda “Sabah”ı qəbul edəcəksiniz. Şansları necə dəyərləndirirsiniz?

- Bütün oyunlar 0:0 hesabı ilə başlayır. Bu isə o deməkdi ki, şanslar bərabərdi. Oyuna yaxşı hazırlaşırıq. Məşqçilərimiz rəqibi analiz ediblər. Meydana yaxşı nəticəyə imza atmaq üçün çıxacağıq.

- Son 4 turda “Araz-Naxçıvan”ın hədəfi nə olacaq?

- Bizim üçün oyunların fərqi yoxdu. Komandamızın məqsədi rəqibin kimliyindən asılı olmayaraq, bütün görüşlərə qələbə üçün çıxmaqdı.

- “Araz-Naxçıvan”ın cari mövsümdəki çıxışını ümumi olaraq necə dəyərləndirirsiniz? Sizcə, daha çox xal toplaya bilərdiniz?

- Açığı, hər şey gözlədiyimiz kimi olmadı. Amma əsas məsələ baş verənlərdən düzgün nəticə çıxarmaqdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest