“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin matc.az saytına müsahibəsi
- “Turan Tovuz” 2023/2024 mövsümünə Qərb derbisində qalib gəlməklə yekun vurdu…
- Son tur idi, öz meydanımızda derbi oyununa çıxmışdıq. Qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirdik. Çünki onlar ilboyu bizə dəstək oldular. Derbiyə əla hazırlaşmışdıq və oyunu da yaxşı keçirdik. Qol şanslarımız çox oldu, sadəcə, uzun müddət epizodları dəyərləndirə bilmədik. Qol vura bilməyəndə oyun daha da ağırlaşır. Şükürlər olsun, sonda qələbə qazandıq və qalibiyyəti azarkeşlərimizə həsr etdik.
- Ardıcıl ikinci mövsümü 6-cı yerdə bitirdiniz. Sizcə, daha çox xal toplaya, turnir cədvəlində daha yuxarı pillələrdə ola bilərdiniz?
- Keçən sezona baxanda bu il daha çox xal qazana bilərdik. Çünki komanda olaraq təcrübəmiz artmışdı. Keçən mövsüm komanda yeni yığılmışdı. Amma bu dəfə təcrübəli idik. Sadəcə, fərdi səhvlərimiz üzündən çox qol buraxdıq. Həmin səhvləri etməsəydik, bəlkə də xal ehtiyatımız daha çox olardı.
- Başa çatan mövsümü fərdi mənada özünüz üçün necə qiymətləndirirsiniz?
- Futbolçu olaraq hər oyuna xal və ya xallar qazanmaq üçün çıxdım, bunun üçün komanda yoldaşlarımla birlikdə əlimdən gələni etdim. Hər oyunumu analiz edirəm. Düşünürəm ki, bu, maksimum bacarığım deyil. Çalışacağam ki, növbəti mövsümü daha yaxşı keçirim.
- Baş məşqçi Ayxan Abbasovla yolların ayrılmasını necə qarşıladınız?
- Ayxan müəllimin gedişi gözlənilməz oldu, şoka düşdük. Ona gələcək karyerasında uğurlar arzulayıram. İki il ərzində üzərimizdə çox əziyyət çəkdi. Rəhbərliyi altında “Turan Tovuz”da yaxşı günlər yaşadıq. Birinci sezonda o büdcə ilə kubokda yarımfinal oynadıq, finala çıxmaq şansımız da var idi. Bu il də yaxşı çıxış etdiyimizi düşünürəm. Avrokuboklara vəsiqə qazanmağa yaxın olduq.
- Artıq bir neçə futbolçu “Turan Tovuz”u tərk edib. Sizin də klubla müqavilənizin müddəti başa çatıb və adınız “Səbail”lə birgə çəkilir…
- “Turan Tovuz”la müqaviləmin müddəti bitib. Hələ heç bir klubla sözləşmə imzalamamışam. Düzdü, təkliflər var. Bütün futbolçulara təklif olur və bu, normal haldı. Sadəcə, mən hələ “Turan Tovuz” rəhbərliyi ilə görüşüb danışmalıyam. Son qərarımı bundan sonra verəcəyəm.