Azərbaycan millisinin Qazaxıstanla bu gün keçirəcəyi yoldaşlıq görüşünə hansı heyətlə çıxacağı böyük ölçüdə bəlli olub. Matc.az saytının əldə etdiyi məlumata görə, məşqçilər korpusu Albaniyaya qarşı oynamış ilk “11-lik”də 1-2 dəyişiklik etməyə qərar verib.
Qapını yenə Şahruddin Məhəmmədəliyev qoruyacaq. Müdafiənin mərkəzində albanlarla görüşdə olduğu kimi, Bəhlul Mustafazadə-Bədavi Hüseynov tandemini izləyəcəyik. Müdafiənin sol cinahında yenə Elvin Cəfərquliyev iş başında olacaq. Əks cinahda isə dəyişiklik baş verəcək. Belə ki, Albaniya ilə matçda sağ cinah müdafiəçisi kimi çıxış etmiş Rahil Məmmədov millinin düşərgəsini tərk etdiyindən, Qazaxıstanla görüşdə iştirakı mümkünsüzdü. Onun yerinə məşqçilər heyəti “Sabah”ın üzvü Amin Seydiyevə şans verəcək.
Yarımmüdafiə xəttində albanlarla qarşılaşmada olduğu kimi, Aleksey İsayev, Coşqun Diniyev və Emin Mahmudov triosunu görəcəyik. Ötən oyuna əsas heyətdə çıxmış Toral Bayramovun isə bu matçda iştirakı sual altındadı. Toral meydana çıxmasa, Elvin Camalovun adı “11-liy”ə daxil ediləcək. Camalovun dayaq yarımmüdafiəçisi olduğunu nəzərə alsaq, Toral oynamayacağı təqdirdə, yarımmüdafiənin cinahında Aleksey İsayev çıxış edəcək.
Hücumda isə Ramil Şeydayev və Mahir Emreli yer alacaq. Hər iki futbolçu albanlarla görüşə də start heyətdə çıxmışdı.
Qeyd edək ki, Macarıstanın Sombatxey şəhərində keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.