"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Vorskla" maliyyə problemi yaşayır. Matç.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, futbolçuların maaşlarını ala bilmədikləri üçün rəhbərliyə etiraz etdikləri üzə çıxıb.
Məsələ burasındadı ki, Avropa Liqasının qrup məhələsində "Arsenal"la ilk qarşılaşmadan əvvəl prezidentlə görüşən komandanın aparıcı simaları ona hədə-qorxu gəliblər. Borcu tələb edən oyunçular əks təqdirdə Londondakı qarşılaşmanı boykot edəcəklərini bildiriblər. Maraqlıdı ki, dərhal hərəkətə gələn rəhbərlik futbolçulara 5 aylıq borcu ödəyib. Yalnız bundan sonra futbolçuların London səfərinə razılıq verdikləri müəyyənləşib.
Poltava təmsilçisinin hücumçusu Vladislav Kulaç da, demək olar ki, bütün borclarını aldıqlarını açıqlayıb. Hətta prezidentin daha çox ödəniş sözü verdiyi bildirilib.
Qeyd edək ki, "Vorskla" Avropa Liqasında növbəti oyunlarını "Qarabağ"a qarşı keçirəcək. Bu komandalar oktyabrın 25-də Bakıda, noyabrın 8-də isə Poltavada üz-üzə gələcəklər.