Möcüzə baş verməsə, “Sabah”la “Zirə” Konfrans Liqasının 3-cü mərhələsində mübarizə aparacaq. “Bayquşlar”ın səfərdə darmadağına imza atması, “qartallar”ın isə kifayət qədər böyük top fərqi yaratması nikbin danışmağa əsas verir.

Sözügedən komandaların baş məşqçilərinin ehtiyatlı danışması başadüşüləndir. Əslində, xüsusilə “Zirə”nin “Şerif” məğlubiyyəti dərs çıxarmalı məqamdır. Təmsilçilərimiz cavab matçında da ciddiyyəti qorumalı və işi başa çatdırmalıdır.

Dünən meydana çıxan təmsilçilərimizdən ən inamlı nəticəyə “Zirə” imza atdı. Rəşad Sadıqovun heyətdəki dəyişiklikləri bəhrəsini verdi və 90 dəqiqə ərzində oyuna nəzarəti əldən verməyən qəsəbə klubu lazımi anlarda ardıcıl qollar vurub işi bitirdi. 4:0 kifayət qədər sanballı üstünlükdür və Slovakiyada revanşının alınması demək olar, mümkünsüzdü. Cavab matçında komanda öz oyununu oynayıb mərhələni təmin etməli, mümkün olsa, ölkə reytinqinə də növbəti faydanı verməlidir.

Amma gecənin ən xoş nəticəsinə “Sabah” imza atdı. Güclü “Makkabi” ilə oyunda şansı az göstərilən bakılılar ikinci hissədəki çıxışı ilə proqnozları alt-üst etdi. 3:0 hesablı qələbədə rəqibin nisbətən zəifləməsi, İsraildən kənarda oynaması da rol oynadı. Bununla belə, Krunoslav Renduliçin və yetirmələrinin əməyini yerə vurmaq olmaz. Məşqçinin əvəzetmələri nəticədə birbaşa rol oynadı, futbolçular isə güclü rəqibə qarşı əla oyun sərgilədi.

Bakıdakı matçın xüsusilə ilk dəqiqələri çətin keçəcək. “Makkabi” matçın əvvəlində qol vursa, təşviş yaranacaq, üstünlüyün əldən verilməsi qorxusu baş qaldıracaq. Çünki rəqib sıradan komanda deyil. “Sabah” psixoloji həddi aşsa, ağıllı əks-hücumlarla hətta cavab matçını da qalb bitirə bilər.

Gecənin yeganə üzgünlüyü Sumqayıtda yaşandı. Yerli komanda yeni stadionunda ilk avrokubok qolunu vursa da, davamını gətirməyi bacarmadı. Əvvəlki gücündən əsər-əlamət qalmayan “Fehervar” keçiləsi rəqibdir, gəl ki, ötən həftə “Zirə”nin başına gələnləri indi başqa bir komandamız yaşadı. Yersiz qırmızı vərəqə ilə azlıqda qalan “kimyaçılar” təzyiqə dözməyib məğlubiyyətlə barışdı.

“Sumqayıt”ın məğlubiyyətnn digər səbəbi heyətin kifayət qədər yaxşı olmamasıdır. Komandanı avrokuboka daşıyan futbolçuların bir neçəsinin yola salınması, onların əvəzedicilərinin düzgün seçilməməsi təsirini göstərdi. Murad Xaçayevin qırmızı vərəqəsinədək təmsilçimiz yaxşı təsir bağışlasa da, tempi qorumaq mümkün olmadı. Hələ cavab oyunu var, Macarıstanda vəziyyəti dəyişmək olar. Lakin indi şanslar əvvəlki ilə müqayisədə daha azdır.

Bu matç “Sumqayıt”ın avrokuboklara necə vəsiqə qazandığını da xatırlatdı. “Neftçi”nin daha layiq olduğu vəsiqəni “kimyaçılar” hakimlərin əli ilə “oğurlamışdı”. Təkcə bu komandaların son duelini yada salmaq kifayətdir. İlahi ədalət özünü sübut etdi və təmsilçmiz məhz hakim qərarı ilə çətin vəziyyətə düşdü. Nə meydanda, nə də VAR-da Elçin Məsiyev, Rauf Cabarov olmayınca köməksiz qalan “Sumqayıt” taleyi ilə barışdı.

Gələn həftə baş tutacq cavab matçları da maraqlı olacaq. “Zirə” və “Sabah” işi böyük ölçüdə həll edib. Elə “Sumqayıt” üçün də heç nə bitməyib. Ev oyunundakı məğlubiyyətin əvəzini çıxmaq mümkündür, “Fehervar” fantastik gücə sahib deyil. Matça düzgün yanaşmaq, inanmaq və cəsarətli olmaq lazımdır. futbolinfo.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest