Azərbaycan cüdoçusu Zelim Kotsoyev Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Matc.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 final mərhələsində Pyotr Kuçera ilə qarşılaşıb. O, Polşa təmsilçisini məğlub edərək 1/4 finala çıxıb.

Dünya çempionumuz 1/4 final mərhələsində Peter Palçikə (İsrail) qalib gəlib.

O, yarımfinalda Özbəkistan cüdoçusu Muzaffarbek Turoboyevi vazari xalı ilə məğlub edərək adını finala yazdırıb.

Həlledici görüşdə Kotsoyev gürcüstanlı İlia Sulamanidze ilə üz-üzə gəlib. Gəgin keçən qarşılaşmanın sonlarına doğru cüdoçumuz 1 vazari xalı ilə geridə olsa da, əzimkarlığı sayəsində döyüşdən qaçan rəqbinə üçüncü şido xəbərdarlığı ilə qalib gəlib. Bununla da, Kotsoyev Parisdə ikinci dəfə Azərbaycan himnini səsləndirən idmançı olub.

Öz çəkisində dünya reytinqində birincidi olan, 2023-cü ildə Avropa, 2024-cü ildə isə dünya çempionu adını qazanan Zelim Kotsoyev, titullarının arasına Olimpiya çempionluğunu da yazdırmağa müvəffəq olub.

Qeyd edək ki, Azərbaycan millisinin aktivinə ilk qızıl medalı digər cüdoçumuz Hidayət Heydərov (-73 kq) yazdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest