Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir.
Matc.az xəbər verir ki, bu gün Azərbaycan komandasının iki idman növü üzrə yeddi təmsilçisi mübarizə aparacaq.
Yarışlara ilk olaraq bədii gimnastika üzrə qrup hərəkətləri komandası başlayacaqlar. Qrup hərəkətləri üzrə yarışlarda çıxış edəcək gimnastlarımız Bakı vaxtı ilə saat 12:00-dan etibarən təsnifat mərhələsində mübarizə aparacaqlar.
Bu gün həmçinin Paris-2024 Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarının ikinci gününə start veriləcək.
Yarışların ikinci günündə iki idmançımız Turan Bayramov (74 kq) və Girogi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaq.
Pəhləvanlarımızdan Turan Bayramov ilk mərhələdə albaniyalı Çermen Vəliyevlə qarşılaşacaq. Girogi Meşvildişvilinin isə ilk rəqibi misirli Diaaeldin Kamal olacaq. Hər iki təmsilçimiz mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.
Turan Bayramov Bakı vaxtı ilə saat 14:10-dan, Girogi Meşvildişvili isə 13:49-dan etibarən mübarizəyə qoşulacaq.