"Laypsiq"in vingeri və Fil Dişi Sahili millisinin üzvü Yan Diomande Madrid "Real"ına keçməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, "Kral klubu" 19 yaşlı futbolçu ilə 2031-ci yıla qədər qüvvədə olacaq 5 illik müqavilənin şərtlərini razılaşdırıb. Tərəflər oyunçunun maaş detallarında da ortaq məxrəcə gəliblər. "Real"ın 90 milyon avro və əlavə 10 milyon avro bonus bərabərindəki ilk təklifi "Laypsiq" tərəfindən geri çevrilib.
Bu səbəbdən Madrid klubu 100 milyon avrodan yüksək olan yeni bir təklif hazırlayır. Prosesi iyun ayında futbolçu ilə şəxsi müqavilə şərtlərini razılaşdıran PSJ də yaxından izləyir və Fransa təmsilçisi Almaniya klubu ilə danışıqları yenidən aktivləşdirməyə hazırdır.
Əvvəllər ivuarlı oyunçuya "Liverpul"un da maraq göstərdiyi bildirilirdi. 2025/2026 mövsümündə Diomande "Laypsiq"in heyətində bütün turnirlərdə çıxış etdiyi 32 matçda 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Vingerin müqaviləsi 2030-cu ilin yayına qədərdir, onun transfer dəyəri isə 75 milyon avro qiymətləndirilir.













