Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın qonağı olan "Arsenal" Bakıya yola düşüb. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, London təmsilçisi təxminən 5 saat yarımlıq yolçuluqdan sonra paytaxtımıza təşrif buyuracaq.
Avropanın nəhəng klubları adətən uzun səfərlərdən narazılıq bildirsələr də, ingiltərəli həmkarlarımız "Arsenal"ın bunu sevdiyini vurğulayıb. çünki komanda adətən uzaq yol qət etdikdən sonra keçirdiyi matçda qələbə qazanır. Həm bu, həm də klublar arasındakı fərqi nəzərə alan yerli KİV "topçular"ın qalibiyyətinə şübhə etmir.
Digər tərəfdən "Arsenal" qələbə qazanacağı təqdirdə 2015-ci ildən bəri ən yaxşı göstəricisinə imza atacaq. Komanda sonuncu dəfə məhz həmin vaxt ardıcıl 8 görüşü qalibiyyətlə tərk etməyi bacarıb.
Qeyd edək ki, "Qarabağ" – "Arsenal" oyunu sabah Bakı Olimpiya Stadionunda keçiriləcək.