Azərbaycan yığmasının sabiq hücumçusu Samir Musayevin matc.az saytına müsahibəsi

- Misli Premyer Liqasının bombardirlər cədvəlində cəmi 1 azərbaycanlı futbolçu var, o da hücumçu mövqeyində oynamayan Toral Bayramovdu. Azərbaycanlı hücumçuların bu siyahıya düşə bilməməsi sizə necə təsir edir və bunun səbəbini nədə görürsünüz?

- Əlbəttə, pis təsir edir. Hücumçu problemimiz var, bu, dəqiqdi. Belə baxanda, dünyada sırf hücumçu mövqeyində problemlər var. Bir çox komandalar yalançı “9 nömrə” ilə oynayırlar. Halbuki əvvəllər əksər komandalar oyunlarını hücumçuların üzərində qururdular, onun sürətinə, boyuna, başla oyununa görə hücumlar təşkil edirdilər. İndi isə demək olar ki, bütün komandalar sağ və sol vingerlərin üzərində oyun qururlar, bu da hücumçu yetişməsinə təsir edir. Çünki hücumçu mövqeyində çıxış edən futbolçu müəyyən bir yaşdan sonra vinger ampluasında oynamağa can atır. Məncə, Azərbaycanda hücumçular var, sadəcə, onlara güvənən, inanan azdı.

- Bu, faktdı ki, sizin dövrünüzdə azərbaycanlı hücumçu qat-qat çox idi. Ön xətdə özünü yaxşı tərəfdən göstərə bilən futbolçularımızın sayı niyə kəskin azaldı?

- Dediyim kimi, bu, tək bizdə deyil. Amma sırf bizdə azalmasının səbəbləri çoxdu. Buraya çempionatdakı legioner limiti, futbolçuların əsgərlik məsələsi və digər səbəbləri aid etmək olar.

- Hazırkı azərbaycanlı hücumçulardan kimi bəyənirsiniz və gələcəyinə böyük ümid bəsləyirsiniz?

- İndiki hücumçulardan Musa Qurbanlı və Nəriman Axundzadəyə güvənirəm. Onlar istəsələr, sırf hücumçu mövqeyində böyük yerlərə çata bilərlər.

- Azərbaycan çempionatında oynayan legioner hücumçulardan kimi və ya kimləri səviyyəli forvard hesab edirsiniz?

- Legioner hücumçulardan bəyəndiyim yoxdu. Bəlkə, bir az Avroliqadakı oyunlarına görə Juninyo fərqlənir.

- “Nürnberq”də çıxış edən Mahir Emreli ilə bağlı nə deyə bilərsiniz? Avropada tez-tez komanda dəyişsə belə, Azərbaycana qayıtmaq istəməməsini yüksək qiymətləndirirsiniz?

- Azərbaycana qayıtmaq istəməməsinə görə onu alqışlayıram. Çünki Avropada oynamaq, özünü sübut etmək yaxşı şeydi. İnşallah, Mahir güclü komandada oynayar və tez-tez komanda dəyişməz. Ən çox istədiyim şey hər hansı bir azərbaycanlı futbolçunun böyük klublarda oynamasıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest