"Milan" hazırda "Real"da oynayan Ukrayna millisinin qapıçısı Andriy Lunini transfer etməyi düşünür.
Matc.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
Bildirilir ki, İtaliya klubu Mayk Maynyanın potensial gedişi səbəbindən bazarı fəal şəkildə izləyir. Fransız qapıçının müqaviləsi 2026-cı ildə bitir və o, bu yay klubdan azad agent kimi ayrıla bilər. Müqavilənin uzadılması ilə bağlı danışıqlar dayandırılıb, ona görə də "Milan" rəhbərliyi onun yerinə başqa birini axtarmağa başlayıb.
Əsas namizədlərdən biri Madrid klubunda oyun vaxtı ala bilməyən Lunindir. Karlo Ançelottinin rəhbərliyi altında Tibo Kurtua əsas heyətdə yer alıb. Xabi Alonsonun gəlişindən bəri də vəziyyət dəyişməyib. Ukraynalı qolkiper bu mövsüm bir dəqiqə də olsun meydana çıxmayıb.
Qeyd edək ki, Luninin "Real" ilə müqaviləsi 2030-cu ilə qədərdir. İtalyanlar 8-10 milyon avroya transfer etməyi düşünürlər, lakin bu, Madrid klubunu satışa razı salmaq üçün kifayət etməyə bilər.












