Millinin Macarıstana 1:3, Slovakiyaya 1:5 hesablı rüsvayçı məğlubiyyətləri ətrafında mülahizələr səngimir. İstənilən məclisdə söhbət futbol mövzusu olunca, həmin oyunlarla bağlı müxtəlif versiyalar səslənir. Daha çox futbolçuların biabırçı performansı qabardılır ki, bu gedişlə haqlı tənqid və ittihamlar hələ çox davam edəcək.

Təbii ki, doğma divarlar önündə utancverici yenilgiyə görə tənqid olunmağı haqq edən ən birinci şəxs baş məşqçi Nikola Yurçeviçdi. Son 2 qarşılaşmaya az qala 1 ay hazırlıq keçib, əvəzində qapısından 8 top buraxan komandanın çalışdırıcısı ayıbına kor olmaq əvəzinə, uğursuz müqayisə ilə sələfi Qurban Qurbanovun bostanına daş atdı. Xorvat çalışdırıcı "Millətlər Liqasında Azərbaycan futbolunun ən böyük məşqçisi Malta önündə çətinlik çəkmişdi" deməkdənsə, turnir cədvəlini gözləri önünə gətirib, gördüyü iş əmsalının qarşısında hansı rəqəmin dayandığının fərqində olmalıydı.

Yurçeviç oyundan sonra İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirib ki, milliyə dəvət edilən futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər. İnanaq ki, qarşıdakı günlərdə açıqlanacaq geniş hesabatdan sonra məğlubiyyətin əsl səbəbi də bəlli olacaq.

Rüsvayçı məğlubiyyətin "memarları" olan, məsuliyyəti dərk etməyən bəzi futbolçular isə ünvanlarına səslənən tənqidlərlə razılaşmır. Bu azmış kimi, utanıb-qızarmadan medianı günahlandıranlar da az deyil. Sanki, həmin yenilgilərdə milli formanı geyinən onlar yox, biz olmuşuq.

üzr istəmək qəbahət deyil. Necə ki, bunu baş məşqçi etdi. Amma yığmanın kapitanı Maksim Medvedev bunu bacarmadı. Heç mətbuat qarşına çıxmağı özünə rəva görmədi. Halbuki, qarşılaşmadan bir gün öncə "Slovakiya ilə görüşdə ən yaxşı oyunlarımızdan birini keçirmək istəyirik. İnanırıq ki, sabah uğurlu nəticə əldə edəcəyik", deyən Maksimə veriləsi suallar çox idi. Görəsən, Maksim doğurdanmı ən yaxşı oyununu keçirdi? Bəlkə 1:5 hesablı məğlubiyyət uğurlu nəticə sayılır, xəbərimiz yoxdu...

Amma kapitan "razdevalka"dan jurnalistlər məhz stadionu tərk edəndən sonra çıxdı.

İstənilən halda, 8 top buraxan komandanın hər bir üzvü tənqidə layiqdi. Hər biri haqda geniş yazmaq mümkündü və qarşıdakı günlərdə yazılacaq. Sadəcə, millinin kapitanıdı deyə, Maksimin adını çəkdik.

Qarşıda çətin avrokubok oyunları var  və Medvedevin məxsus olduğu "Qarabağ"ın hədəfi yenə qrup mərhələsinə düşməkdi. Uğurlar olsun! Amma futbolçu haqqında yazılan haqlı tənqidə görə dost-tanışını medianı "neprav" çıxarmağa yönləndirməz. Ən azından ortada Cavid Hüseynov "nümunəsi" var...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest