“Kəpəz” onsuz da hər mövsüm Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Köhnə rəhbərlik klubu elə vəziyyətə salıb ki, illərdi əsas məqsəd yalnız elitada qalmaqdı. Çoxları yeni rəhbərlikdən ümidverici addımlar gözləyirdi, amma görünən odu ki, onların da hədəfi çempionatda yerini qorumaqdı”. Bu sözləri matc.az saytına “Kəpəz”in sabiq baş məşqçisi Tərlan Əhmədov deyib.
Vaxtilə rəhbərlik etdiyi komandanın hazırda üzləşdiyi acınacaqlı durumunu dəyərləndirən təcrübəli mütəxəssis bildirib ki, tez-tez baş məşqçi dəyişiklikləri nəticəsiz qalır:
“O getdi, bu gəldi, bu getdi, o gəldi. Komandanın və ümumilikdə futbolun inkişafı üçün heç bir sistemli addım atılmadı. Bununla belə, “Kəpəz”in Premyer Liqanı tərk edəcəyini düşünmürəm. Qarşıda hələ 15 tur var. Görünən odu ki, “Karvan-Yevlax” birinci Liqaya düşəcək. Amma futbolda proseslər hər şeyi dəyişə bilər”.
Əhmədov Premyer Liqada qalmaq uğrunda mübarizənin üç komanda arasında gedəcəyini vurğulayıb:
“Qəbələ”, “Kəpəz” və “Karvan-Yevlax” arasında ciddi mübarizə olacaq. “Qəbələ” I Liqadan qayıtdığı üçün əsas hədəfi Premyer Liqada qalmaqdı. “Kəpəz”ə gəlincə, komandanın uğurlu çıxışı üçün real addımların atıldığını görmürəm. Yeni rəhbərlik gəlsə də, proseslər hələlik ürəkaçan deyil”.
“Problem rəhbərlikdədi”
“Kəpəz”in uğursuz çıxışına səbəb olan əsas amilin klub rəhbərliyi olduğunu deyən Tərlan Əhmədov, öz dövründə yaşananlardan da danışıb:
“Mənim vaxtımda klubun rəhbəri İlqar Nadiri idi. Akademiyanın məşqçilərini üzərimə göndərir, süni gərginlik yaradırdı. Komandaya dəvət olunanda Bakıda – Atatürk parkında görüşmüşdük. Ona açıq dedim ki, bundan əvvəl “Neftçi” və “Keşlə”də işləmişəm, hər ikisində də uğurlu nəticələr qazanmışam. Son pillələrdə götürdüyüm komandaları mükafatçılar sırasına çıxarmışam, amma sonda şərlənərək göndərilmişəm. Dedim ki, əgər sənin də niyyətin budursa, heç ehtiyac yoxdu, evimdə sakit oturum”.
Əhmədovun sözlərinə görə, komanda uğurlu nəticələr qazanmağa başlayandan sonra ona qarşı planlı şəkildə kampaniya aparılıb:
“Komanda nəticə verəndə İlqar Nadiri fanatlara pul paylayıb “Tərlanı istefaya səsləyin” deyirdi. Bunu mənə fanklub rəhbəri şəxsən etiraf etmişdi. Təəssüf ki, indiki dövrdə də rəhbərliyin uğurlu nəticələr üçün ciddi səylər göstərdiyini görmürəm”.
Veteranlar günahlandırılır?
Komandanın uğursuzluğunda Gəncə futbolunun veteranlarının adlarının hallandırılmasına da münasibət bildirən Əhmədov bunu əsassız hesab edir:
“Mən veteranların “Kəpəz”in uğursuzluğunu istəməsinə inanmıram. Əksinə, onlar Gəncə futbolunun inkişafını istəyirlər. Sadəcə, kimlərsə onları şərləməyə çalışır. Veteranlar dava salmır, tələb edirlər ki, komanda normal futbol oynasın, yuxarı pillələrdə qərarlaşsın”.
O, gənc futbolçulara verdiyi şansları da xatırladıb:
“Mahir Həsənov, Arzu Atakişiyev kimi gəncləri oynatmışdım. Mahir U-21 millisinin üzvü idi. Məndən sonra onu da komandadan göndərdilər. Nihat Fərəci istedadlı uşaq idi, onu da yola saldılar. Mən 5 tur qalmış “Kəpəz”i Premyer Liqada saxlayanda niyə bunlar danışılmırdı?”
“Məni də bıçaqla, maşınla vurmaq istəyirdilər”
Futbolçu Nihat Fərəci ilə bağlı baş verən bıçaqlanma hadisəsinə də toxunan Tərlan Əhmədov bildirib ki, oxşar təhlükələrlə özü də üzləşib:
“Mənim də üstümə gəlmişdilər – bıçaqla, avtomobillə vurmaq istədilər. Açıqlama verəndə isə heç kim buna ciddi yanaşmadı. Hətta Vağzal ərazisində iki narkomana pul təklif olunmuşdu ki, məşq zamanı üstümə gəlsinlər, məni intriqaya çəksinlər, cavab versəm, üzümü ülgüclə kəssinlər”.
Əhmədov qeyd edib ki, futbolçuların gecə həyatı ola bilər, lakin qarşıya məqsəd qoyulubsa, ciddi nəzarət mütləqdi:
“Mən futbolçuları ciddi nəzarətdə saxlayırdım. Axşam saat 23:00-dan sonra evdə olub-olmadıqlarını belə yoxlayırdım. Komandanı Premyer Liqada saxlayan məşqçini bu cür üsullarla sıradan çıxarmağa çalışmaq faciə idi”.
Sonda sabiq baş məşqçi vurğulayıb ki, bu cür hadisələrin baş verməsində əsas məsuliyyət klub rəhbərliyinin üzərinə düşür:
“Futbolda belə hallar olmamalıdı. Təəssüf ki, Gəncə futbolunun timsalında gördük ki, proseslər bu səviyyəyə çatıb. Oyunlara hazırlıq vaxtı futbolçuların səhərə yaxın restoranda olması çox ciddi siqnaldı”.









_1770136226.jpg)


