24 Noyabr 2026, 16:03
FUTBOL
“Sabah”ın dünyanın ən güclü klublarından biri olan “Barselona”ya qarşı keçirəcəyi oyun həm Azərbaycan futbolu, həm də klub üçün çox mühüm qarşılaşmadır. Matc.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin sabiq futbolçusu Mehmet Topal UEFA Çempionlar Liqasının V turunda keçiriləcək “Sabah” – “Barselona” oyununu şərh edərkən deyib.
2010-2012-ci illərdə İspaniyada “Valensiya” klubunun formasını geyinən keçmiş yarımmüdafiəçi bildirib ki, hazırda yüksək formada olan və dünyanın ən populyar komandalarından biri sayılan “Barselona”ya qarşı mübarizə aparmaq “Sabah” üçün asan olmayacaq. Bununla belə, bu cür qarşılaşmaların futbolçulara özlərini beynəlxalq arenada göstərmək üçün böyük imkanlar yaratdığını vurğulayıb: “Barselona” kimi güclü rəqibi dayandırmaq üçün “Sabah”ın bütün futbolçuları meydanda ikiqat güclə mübarizə aparmalı, xüsusilə qaçış məsafələrinə və rəqibin ulduz oyunçularının zərərsizləşdirilməsinə diqqət yetirməlidirlər. Yəqin ki, məşqçilər heyəti bu matç üçün fərqli taktiki planlar hazırlayıb”.
Veteran futbolçu Azərbaycan futbolunu yaxından izlədiyini söyləyib. Mehmet Topal Azərbaycan klublarının Çempionlar Liqası səviyyəsində dünyanın aparıcı komandalarına qarşı çıxışını ölkə futbolu üçün böyük hadisə kimi qiymətləndirib. Onun fikrincə, düzgün planlaşdırma və hədəflərlə Azərbaycan futbolu daha yüksək səviyyələrə yüksələ bilər.
Mehmet Topal, həmçinin “Valensiya”da çıxış etdiyi dövrdə “Barselona” və “Real Madrid” kimi klubların diqqətini özünə cəlb etməsindən danışıb. O bildirib ki, həmin komandaların transfer siyahılarında yer almaq onu həm sevindirib, həm də motivasiya edib. Buna baxmayaraq, “Fənərbağça”ya keçid qərarını həmin dövrdə klubun yaşadığı çətin vəziyyət, eləcə də şəxsi münasibətləri və dostluqları nəzərə alaraq verdiyini vurğulayıb.
40 yaşlı mütəxəssis futbolçuluq dönəmində menecerlər vasitəsilə Azərbaycandan təkliflər aldığını qeyd edib: “Hətta “Valensiya”da oynadığım dövrdə azərbaycanlı dostum mənə çox kömək oldu. Hələ də onunla münasibətim var”.
M.Topal karyerası ərzində Türkiyənin üç böyük klubu – “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş”da da çıxış edib. O, Türkiyə yığmasının heyətində 81 oyunda 2 qolla yadda qalıb (Azərtac).
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı saat 21:45-də start götürəcək.




_1695469752.jpg)
_1795532362.jpg)



_1694603125.png)



