Cari mövsüm Misli Premyer Liqasında çempionluğu təmin edən "Sabah" UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək.
Matc.az xəbər verir ki, Azərbaycan çempionu Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasında səpələnməmişlər səbətində yer alacaq.
Belə ki, "Sabah"ın UEFA reytinqində hazırda 6 xalı var. Bu, komandanın Avropa yarışlarında iştirak etdiyi son 3 mövsümdə qazandığı xallardır. Lakin 6 xal səpələnmişlər səbətinə düşmək üçün kifayət etmir.
Çempionlar Liqasının I təsnifat mərhələsində 28 komandanın oynayacağı gözlənilir. Bunlardan 14-ü səpələnmişlər, digər 14-ü isə səpələnməmişlər səbətində yer alacaq.
"Sabah"ın 14 potensial rəqibindən 8-i artıq müəyyənləşib. Bunlar "Şamrok Rovers" (İrlandiya), KuPS (Finlandiya), "Drita" (Kosovo), "Linkoln Red İmps" (Cəbəllütariq), "Borats" (Bosniya və Herseqovina), "Vikinqur" (İslandiya), "Kayrat" (Qazaxıstan) və "Riqa" (Latviya) komandalarıdır.
Birinci təsnifat mərhələsini keçmək çox vacibdir. Belə ki, Çempionlar Liqasının bu mərhələsində uduzan komandalar Avropa Liqasına deyil, Konfrans Liqasının II təsnifat mərhələsində mübarizəni davam etdirəcəklər. Orada isə komandalar əsas mərhələyə yüksəlmək üçün üç mərhələ keçməli olacaqlar.
"Sabah" Çempionlar Liqasının ilk mərhələsini keçərsə, payızda Avropa yarışlarında oynamaq şanslarını xeyli artıracaq. Çempionlar Liqasının II mərhələsində uduzan komandalar Avropa Liqasının III mərhələsinə yollanacaqlar. Orada uduzan komandalar isə, Konfrans Liqasının pley-off mərhələsində oynayacaqlar.
Qeyd edək ki, Çempionlar Liqasının I mərhələsinin oyunları 7-8 və 14-15 iyul tarixlərində keçiriləcək. Bu mərhələnin püşkatması iyunun 16-da baş tutacaq.






_1676119785_1775743701_1778450387.jpg)






