Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada təşkil olunan Avropa çempionatında növbəti qələbəsini qazanıb. F qrupunda mübarizə aparan kollektivimiz qrup mərhələsinin son matçında Fransa yığması ilə qarşılaşıb.
Matc.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda gərgin keçən görüşdə rəqibini 3:2 hesabı ilə məğlub edib. Millimizin heyətində qolları Cəfər Cəfərov, Elvin Əlizadə və Ramiz Çovdarov vurublar.
Bu möhtəşəm qələbədən sonra xallarının sayını 9-a çatdıran yığmamız Avropa çempionatında F qrupunu maksimum nəticə ilə – lider olaraq başa vurub.
Xatırladaq ki, millimiz turnirdəki ilk oyununda Avstriyanı (1:0), ikinci matçında isə İtaliyanı (3:0) məğlub edərək vaxtından əvvəl pley-offa vəsiqəni təmin etmişdi.
Qrup mərhələsini lider tamamlayan millimizin 1/8 final mərhələsindəki ilk rəqibi də rəsmiləşib. Komandamız E qrupunun ikincisi olaraq gələn, güclü və prinsipial kollektivlərindən biri olan Qazaxıstan yığması ilə qarşılaşacaq.













