Çempionlar Liqasının qalibi olan PSJ-nin gənc ulduzu Dezire Due Avropa futbolunun tarixinə düşməyi bacarıb.
Matc.az "Squawka" analitik mərkəzinə istinadən xəbər verir ki, Due turnir tarixində 21 yaşına çatmamış birdən çox final matçına start heyətində başlayan ikinci oyunçu olub.
Budapeştdəki "Arsenal" finalında 120 dəqiqə meydanda qalan və penaltilər seriyasında dəqiq zərbə ilə zəfərə töhfə verən 20 yaşlı vinger, ötən mövsüm "İnter"ə qarşı keçirilən final qarşılaşmasında da ilk "11-lik"də yer almışdı.
Dünya futbolunda bu göstəriciyə imza atan ilk oyunçu "Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold olub. İngilis futbolçu 21 yaşından əvvəl 2018 ("Real", Madrid) və 2019 ("Tottenhem") finallarına start heyətində çıxmışdı. İyunun 5-də 21 yaşı tamam olacaq Due rəsmən Trentin taxtına şərik çıxıb.
Qeyd edək ki, gənc vinger möhtəşəm keçən 2025/26 mövsümündə PSJ forması ilə bütün turnirlərdə 41 oyuna çıxaraq 13 qol və 11 məhsuldar ötürmə (24 qol+ötürmə) ilə komandasının uğurlarında əsas pay sahiblərindən biri olub.












