Çempionlar Liqasında ardıcıl ikinci dəfə qazanılan tarixi zəfərdən sonra PSJ rəhbərliyi baş məşqçi Luis Enrikeni komandada saxlamaq üçün hərəkətə keçib.
Matc.az xəbər xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Ben Ceykobs məlumat yayıb.
Paris klubu 56 yaşlı ispan mütəxəssislə müqavilənin müddətini daha 4 il uzatmağı planlaşdırır. Klub rəhbərliyi bu yay "transfer pəncərəsi" dövründə imzaların atılmasını gözləyir.
Xatırladaq ki, Luis Enrikenin rəhbərliyi altında PSJ, Çempionlar Liqasının Budapeştdə keçirilən dramatik finalında London "Arsenal"ını penaltilər seriyasında məğlub edərək titulunu qoruyub.
Bu uğurla Paris təmsilçisi "Real"dan sonra ardıcıl 2 dəfə Çempionlar Liqasını qazanan ikinci komanda olub. Eyni zamanda parislilər bu mövsüm turnirdə vurduqları 45 qolla "Barselona"nın mütləq qol rekorduna şərik çıxıblar.












