Futbol üzrə 2026-cı il dünya çempionatının təntənəli açılış mərasimi baş tutub.

Matc.az xəbər verir ki, möhtəşəm tədbir Meksikanın paytaxtı Mexikodakı tarixi "Asteka" ("Mexiko Siti Stadium") arenasında təşkil olunub.

Rəngarəng şou-proqramla yadda qalan mərasimdə dünyaşöhrətli musiqiçilər çıxış ediblər. Şakira, Burna Boy, Cey Balvin, "Mana" qrupu, Tayla və Alexandro Fernandes kimi ulduzların ifaları açılış gecəsinə xüsusi rəng qatıb və tribunaları dolduran minlərlə tamaşaçı tərəfindən böyük coşqu ilə qarşılanıb. Musiqili proqramın ardınca mundialda iştirak edən ölkələrin dövlət bayraqları rəsmi keçidlə arenaya gətirilib.

Mərasimin dərhal ardından dünya çempionatının ilk qarşılaşmasına start verilib. Turnirin ev sahiblərindən biri olan Meksika millisi açılış matçında Cənubi Afrika Respublikası (CAR) yığmasını qəbul edir.

Qeyd edək ki, DÇ-2026 tarixdə ilk dəfə olaraq üç ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilir. Turnirin geniş coğrafiyası ilə əlaqədar olaraq daha iki rəsmi açılış mərasimi də təşkil ediləcək. Növbəti tədbirlər iyunun 12-də Kanadanın Toronto şəhərindəki "Toronto Stadium"da, iyunun 13-də isə ABŞ-nin Los-Anceles şəhərindəki "Los Angeles Stadium"da baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest