"Arsenal" "Bayer"in müdafiəçisi Pyero İnkapienin tam transferini başa çatdırdığını elan edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı London klubunun mətbuat xidməti yayıb.
Paytaxt təmsilçisi 24 yaşlı futbolçunun icarə müqaviləsində yer alan transfer hüququnun birdəfəlik alınması bəndini aktivləşdirib. Ekvadorlu müdafiəçi 1 iyul 2026-cı il tarixindən etibarən daimi əsasda "topçular"ın oyunçusu olacaq.
"Transfermarkt" portalının yaydığı informasiyaya görə, London klubu bu keçid üçün qarşı tərəfə 52 milyon avro ödəyib.
Xatırladaq ki, "Arsenal" gənc oyunçunu 2025-ci ilin sentyabrında "Bayer"dən icarəyə götürmüşdü.
Geridə qalan mövsümdə London klubunun heyətində 39 oyuna çıxan İnkapie 1 qol və 2 məhsuldar ötürmə ilə diqqət çəkib.













