"Napoli"nin sabiq çalışdırıcısı Antonio Konte tezliklə İtaliya millisinin yeni baş məşqçisi olacaq.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

İtaliya Futbol Federasiyasının yeni rəhbəri Covanni Malaqo Konteni uzunmüddətli layihə kimi nəzərdən keçirir. 56 yaşlı mütəxəssisin "Skuadra Adzurra" ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayacağı gözlənilir. Yəni bu razılaşma İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək dünya çempionatı dövrünü əhatə edəcək.

Kontenin milli komandadakı əsas vəzifələrindən biri məhz növbəti dünya çempionatı ərəfəsində rəqabətədavamlı komanda formalaşdırmaq olacaq.

Xatırladaq ki, Konte 2024-cü ilin iyulundan bəri rəhbərlik etdiyi "Napoli"dən bu yaxınlarda ayrılıb. O, komandanın başında 91 oyuna çıxıb (54 qələbə, 19 heç-heçə və 18 məğlubiyyət). İtaliyalı mütəxəssis "Napoli"yə iki titul qazandırıb - Seriya A çempionluğu (2024/25) və İtaliya Superkuboku (2025/26). Qeyd edək ki, Konte daha əvvəl 2014-2016-cı illərdə də İtaliya millisinə rəhbərlik edib.

İtaliya yığması DÇ-2026-ya vəsiqə qazana bilməyib. Seçmə mərhələdəki uğursuzluqdan sonra Cennaro Qattuzo "Skuadra Adzurra"dan ayrılıb. Hazırda komandaya müvəqqəti olaraq İtaliyanın U-21 gənclər yığmasının baş məşqçisi Silvio Baldini rəhbərlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest