“Arsenal” klubu qış transfer pəncərəsi öncəsi heyətini gücləndirmək üçün “Sportinq”in və İspaniya millisinin müdafiəçisi İvan Fresneda ilə maraqlanır.
Matc.az “The Athletic”ə istinadən xəbər verir ki, London təmsilçisi 22 yaşlı futbolçunun çıxışını uzun müddətdir izləyir və onu yanvar ayında transfer etməyi nəzərdən keçirir.
“Real” Madrid akademiyasının yetirməsi 2023-cü ilin avqustunda “Valyadolid”dən “Sportinq”ə keçib. O, Portuqaliya klubunun heyətində bütün turnirlərdə 94 oyun keçirib. Futbolçu oktyabrda İspaniya millisinin əsas komandasına ilk dəfə dəvət alıb və debüt edib.
Fresnedanın “Sportinq”lə müqaviləsinin başa çatmasına 18 ay qaldığından, Lissabon klubu onun gələcəyi ilə bağlı qərar verməlidir. “Arsenal”da ispaniyalı müdafiəçiyə Ben Uaytın uzunmüddətli əvəzləyicisi kimi baxılır.
Bununla yanaşı, London klubu hücumun sol cinahını da gücləndirməyi planlaşdırır. “Arsenal” bu mövqedə “RB Leypsiq”in 21 yaşlı norveçli futbolçusu Antonio Nusanı da nəzərdən keçirir. O, Bundesliqada keçirdiyi 10 oyunda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Arsenal”ın transfer siyahısında PSJ-nin 17 yaşlı müdafiəçisi David Boli də yer alır.













