Avropa Liqasının II təsnifat mərhələsində Tula "Arsenal"ına hər iki görüşdə qalib gələrək (1:0, 3:0) mübarizəni davam etdirən "Neftçi" sosial şəbəkə vasitəsilə də Rusiya klubuna öz sözünü deyib. Matc.az saytının məlumatına görə, hələ ilk oyundan əvvəl başlayan "samovar çayı" zarafatı cavab qarşılaşmasından sonra da davam edib.

"Ağ-qaralar" tvitter səhifəsindən bu dəfə tulalılarla yanaşı, London "Arsenal"ına da söz atıb. Belə ki, "flaqman" Rusiya təmsilçisinə təsəlli verərək, onların ölkəmizi məğlub tərk edən yeganə "Arsenal" olmadığını yazıb: "özünüzü məzlum kimi hiss etməyin, Tula "Arsenal"ı. Siz bu il Bakıda məğlub olan yeganə "Arsenal" deyilsiniz. Doğrudu, London "Arsenal"ı? Yaxşı səyahət və yumşaq eniş edin, dostlar".

Qeyd edək ki, bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən Avropa Liqasının finalında "çelsi" ilə qarşılaşan London "Arsenal"ı 1:4 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest