“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Misli Premyer Liqasının 11-ci turunda “Şamaxı” ilə qolsuz heç-heçə etdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib.

O, rəqibdən daha yaxşı oynadıqlarını, lakin bunun qələbə qazanmaq üçün kifayət etmədiyini bildirib:

“Balanslı oyun olacağını təxmin edirdim. Çünki indiyədək bu komandaya yalnız “Neftçi” və “Qarabağ” qalib gələ bilib. Turnir cədvəli baxımından da bizim üçün vacib matç idi. Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi. Daha yaxşı qol vəziyyətləri yarada bilərdik. Rəqib kompakt müdafiə olunurdu, bu da işimizi çətinləşdirirdi. “İmişli”nin də əks-hücumlarda imkanları oldu. İlk dəfə idi ki, qol buraxmadıq. Amma məşqçi kimi qələbə istəyirdim. İkinci hissədə qol vursaq da, çox cüzi fərqlə oyundankənar vəziyyət qeydə alındı. Son 8 oyunda yalnız “Zirə”yə uduzmuşuq. Bununla belə, oyunumuzu inkişaf etdirməliyik”.

Kandido Roy Kehatın son vaxtlar əsas heyətdə az görünməsinin səbəbini də açıqlayıb. O, futbolçunun ağır zədədən yeni qayıtdığını və ona tədricən şans verdiklərini söyləyib.

Baş məşqçi ilk “altılıq” uğrunda mübarizədə xal fərqinin artmasından narahat olduğunu da gizlətməyib:

“Təbii ki, ardıcıl heç-heçələr və xal itkiləri məni narahat edir. İlk “altılıq”dan uzaqlaşmaq istəmirik. Amma çempionatda komandalar arasında ciddi güc fərqi yoxdur. Hər biri digərinə qalib gələ bilər. Hazırkı vəziyyət narahatlıq doğurur. Bununla belə, yekun nəticəni gözləmək və komandanın mövsümün sonuna qədər hansı vəziyyətdə olacağını görmək lazımdır”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest