“Araz-Naxçıvan”ın futbolçusu Ağadadaş Salyanski Azərbaycan millisinin heyətinə dəvət almamasından və gələcək planlarından danışıb. Matc.az xəbər verir ki, hücumçu Misli Premyer Liqasının XI turunda “Şəfa” ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında millidən dəvət gözlədiyini bildirib.

O, statistik göstəricilərinin yaxşı olduğunu vurğulasa da, baş məşqçinin qərarına hörmətlə yanaşdığını qeyd edib:

“Millidən dəvət gözləyirdim. Öz statistikama baxanda da göstəricilərim yaxşıdır. Amma bu, məşqçinin qərarıdır və hörmətlə yanaşıram. Daha çox çalışacağam, qarşıma yeni məqsədlər qoyacağam, qollarımı artırmağa çalışacağam. İnşallah, növbəti dəfə millinin heyətində yer alaram”.

Salyanski “Neftçi”dən ayrılaraq “Araz-Naxçıvan”a keçməsinin səbəblərindən də söz açıb. O, əsas heyətdə yer uğrunda rəqabətin artmasından sonra başqa komandada çıxış etməyin daha məqsədəuyğun hesab edildiyini bildirib.

Futbolçu yayda “Neftçi”yə qayıdacağını və paytaxt klubunda yenidən forma uğrunda mübarizəyə qoşulacağını deyib:

“Əlbəttə, oradakı rəqabətdən qorxmuram. İnşallah, yayda ‘Neftçi’yə qayıdacağam və həmin rəqabətə qoşulacağam”.

Ağadadaş Salyanski hazırda çıxış etdiyi klubda göstərdiyi performansa görə “Neftçi” rəhbərliyindən də təbrik mesajları aldığını da açıqlayıb. O, hazırda bütün diqqətini “Araz-Naxçıvan”a yönəltdiyini vurğulayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest