Bu gün AFFA İntizam Komitəsinin (İK) ilk iclası keçirilib. Matc.az saytı xəbər verir ki, qurum Premyer Liqanın ilk turunda baş vermiş neqativ hallara hüquqi qiymət verib.

“Qarabağ”la görüşdə qırmızı vərəqə alan “Keşlə”nin yarımmüdafiəçisi Emin Mehtiyev 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. “Qarabağ” isə bəzi rəsmilərinin “A” buraxılışından istifadə etməməsinə görə 800 manat cərimələnib. Adıçəkilən oyunda Ağdam klubunun məşqçilər korpusu akkreditasiyadan istifadə etməmişdi.

“Qəbələ” ilə səfər matçında 5 futbolçusu sarı vərəqə alan “Sumqayıt” 800 manat cəriməyə məruz qalıb. Matçın sonlarında qırmızı vərəqə alan “Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov 1 oyunluq diskvalifikasiya edilib, "qırmızı qaralar" 200 manat cərimə olunub. Görüş başa çatdıqdan sonra “Qəbələ”nin azarkeşi tunelə daxil olaraq hakimlər briqadasını təhqir edib. Bu, bölgə təmsilçisinə 4000 manatlıq cəriməyə başa gəlib. Bundan başqa, qarşılaşma “Sumqayıt”ın ucbatından 9 dəqiqə gec başladığı üçün "kimyaçılar" 800 manat cərimə olunub.

“Neftçi” ilə oyunda 4 futbolçusu sarı vərəqə alan "Sabah” da 800 manat məbləğində cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest