Nazim Süleymanov Azərbaycan futbolunda öz sözünü demiş nadir insanlardandı. çoxları kimi, mənim də uşaqlıq kumirimdi, yaxşı yol yoldaşıdı. Şəxsiyyətinə hər zaman böyük rəğbətim olub. 4 il əvvəl 50 illik yubileyinə dəvətli idim və canlı əfsanə ilə eyni masada oturmağımla fəxr etmişəm.

Dünən Beynəlxalq Mətbuat Mərkəzində keçirdikləri tədbirə də şəxsən Nazim bəy tərəfindən dəvət olunmuşdum. Cavabımda "baş üstə"dən başqa söz demədim, deyə də bilməzdim. Təxminən 35-40 veteranın qatıldığı tədbirdə məqsəd AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqının (AFİHİ) təsis konfransını keçirmək idi. Açığı, Nazim bəyin olduğu yerdə sanballı, yeni müxalif qüvvənin yaranacağını zənn edirdim.

Zəlzələdən ya vəlvələdən tədbirə çağırılan tanınmış media mənsublarından fərqli, toplantının ilk dəqiqlərindən iclasın keçirildiyi zalda oldum. öncə qurumun tərkibi ilə bağlı müzakirələr keçirildi və səsvermə ilə yeni qurumun rəhbərliyi müəyyənləşdi. Süleymanov sədr, daha çox köməkçi məşqçi kimi tanıdığımız Novruz Əzimov ittifaqın katibi seçildi. Ardından Təftiş Komissiyasının (TK) tərkibi bəlli oldu. Veteranlardan Əhmədağa Cabbarov, Cavanşir Novruzov və Səfər Əhədov TK-da yer aldı. İcraiyyə Komitəsinə (İK) seçkilər isə gülünc qərarla başladı. İclasın sədri, keçmişi bəlli sabiq hakim Əfqan Həmzəyev bildirdi ki, İK üzvləri Bakıdan/bakılı olmalıdı. Bu zaman veteranlardan biri bunu ayrı-seçkilik sayıb, "niyə məhz bakılı!?" deyə, etirazını bildirdi. Qısa müzakirələrdən sonra Nazim Süleymanov, Səmədağa Şıxlarov, Novruz Əzimov, Əfqan Talıbov, Novil İsmayılov, Naib Abdulla, Asəf Namazov, Anar Xanlarov, Boris Xetaqurov, Babək Alxasov və Orucəli Durmuşov İK üzvləri seçildilər.

İclasdan sonra tədbir iştirakçıları ölkə futbolunun mövcud durumundan şikayətləndilər. Sanki, bu veteranların dövründə keçmiş SSRİ-də autsayder yox, aparıcı futbol ölkəsi olmuşuq. Amma bəlli olan fakt odu ki, məqsəd arxasında daha böyük məqsəd var. çox hörmətli Süleymanov haqda heç vaxt bu fikirdə olmamışam, amma bəzi veteranların "kafa"sında futbolun inkişafı yox, şəxsi maraq və maddiyatdı.

Məsələn, Şıxlarov deyir ki, klubların heyətinə bu qədər legioner gətirməsinə icazə vermək olmaz. Biz də sual veririk, AZAL-da, "Neftçi"də işləyən zaman zay legionerlərə görə bircə kəlmə klub rəhbərliyinə irad bildiribmi? Ad-san qazanıb məşhurlaşdığı, seleksiya qrupuna cavabdeh olduğu "flaqman"da vaqonla gəlib, vaqonla yola salınan səviyyəsiz əcnəbilər haqda etiraz səsini çıxarıbmı? Və ya, cənab Şıxlarov hansı haqla, hansı uğuru ilə 6 ildi ardıcıl avrokubokların qrupuna yüksələn "Qarabağ"ın transfer siyasətinə müdaxilə edir?...

Bizdə olan məlumata görə, tədbirin vaxtı xeyli əvvəldən və bilərəkdən - millinin Uels və Xorvatiya ilə görüşlərindən, arzuladıqları ağır məğlubiyyətlərdən sonraya planlaşdırılıb. Amma Kardiff və Bakıdakı oyunlarda qeydə alınan nəticə bəzi veteranların dilini ağzında yandırıb. öncədən əzbərlənən sözlərə ehtiyac qalmayıb.

Nazim bəyin rəhbərlik etdiyi qurumun hara qədər gedəcəyini zaman göstərəcək. Amma AFİHİ bu heyətlə sovetlər dövründəki komandalarımızdan da zəifdi. Həmkarımız Anar bəy (əslində, media nümayəndəsinin AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqında yer alması başqa bir mövzudu) və Xetaqurov istisna olmaqla, çoxunun intellektual səviyyəsi bəllidi. Belələri ilə çox uzağa getmək mümkünsüzdü. Görünən dağa nə bələdçi, onların şablon şikayətlərinin arxasında, ev, avtomobil, vəzifə gizlənir. Digər, tanıdığımız futbol veteranları kimi...

İxtiyar

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest