12 Noyabr 2026, 19:09
FUTBOL
"Lixtenşteynə səfərdə qalib gələ bilməsək, digər nəticələrin heç bir önəmi qalmayacaq. Əlbəttə ki, bizim üçün ən vacib oyundur"
“Millətlər Liqasında ən vacib oyuna çıxacağıq. Bakıdakı matçdan sonra Litva üzərində qələbə qazanmışdıq. Yaxşı reaksiya göstərmişdik. Amma Lixtenşteynə səfərdə qalib gələ bilməsək, digər nəticələrin heç bir önəmi qalmayacaq. Əlbəttə ki, bizim üçün ən vacib oyundur. Biz meydana qələbə üçün çıxacağıq. Bakıdakı matçda qaçırdığımız epizodlardan fərqli bu dəfə əlimizə düşən fürsətləri dəyərləndirmək istəyirik. Yadıma deyil ki, Bakıda qapıya neçə zərbə vurmuşduq”. Matc.az xəbər verir ki, bunu Azərbaycan yığmasının hücumçusu Mahir Emreli deyib.
Komandamızın Millətlər Liqasında Lixtenştyenə və yoldaşlıq görüşündə Andorraya qarşı oynayacağı görüşlərdən danışan Emreli Murad Məmmədovla bağlı etdiyi paylaşımdan da söz açıb: “Düşünürəm ki, gözəl hadisədir. Müzakirə olunacağını, insanlara maraqlı olacağını bilirdik. Hər ikimiz üçün xoş hadisədir. Həm Murad üçün motivasiya olub ki, sözünün üstündə durdu. Həm mənim üçün xoş idi ki, ona dəstək ola bildim. Hazırda da eyni otaqda qalırıq. Ümid edirəm ki, bir yerdə də çoxlu qələbələr qazanarıq”.
Forvard Polşanın “Rakuv” klubunda çıxışlarına görə rəmzi heyətə düşməsinə də münasibət bildirib: “Polşada ən böyük saytlardan biri hər turdan sonra rəmzi komandanı açıqlayır. Artıq ikinci dəfədir ki, ardıcıl ora düşürəm. Burada da yaxşı çıxış etməyə çalışacam”.
Mahir “Rakuv”un ardıcıl 3 oyundur qələbə qazanmasına isə belə şərh verib: “Ardıcıl 3 oyundur ki, qalib gəlirik. Həm kubokda, həm də daxili liqada 2 qələbə qazanmışıq. Bu, pozitiv məqamdır. Milli komandaların oyunundan sonra derbi var. Çalışacağıq ki, seriyamızı davam etdirək. Daxildə pozitiv ab-hava var. Çünki qələbənin dadını görəndən sonra hər şey dəyişir. İndi biz ancaq qalibiyyətlərə köklənmişik. Yeni gələn məşqçinin qatdığı enerji də öz sözünü dediyi. Taktiki olaraq da bizi inkişaf etdirir. Kubokda finala qədər gedə bilərik. Əlbəttə ki, bu, bizi ümidləndirir” (Futbolinfo).













