Bu gün Azərbaycan Premyer Liqasında 2-ci dövrəyə start veriləcək. Matc.az xəbər verir ki, "Qəbələ" də milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk matçına çıxacaq. 
 
"Qırmızı-qaralar" 8-ci turda "Qarabağ"la görüşəcək. Komanda çempionatın liderini Qəbələ şəhər stadionunda qəbul edəcək.
 
Bu, iki komanda arasında 55-ci matç olacaq. İndiyədək 54 dəfə qarşılaşan rəqiblər Premyer Liqada 45, Azərbaycan kubokunda 9 duelə çıxıblar. İndiyə qədər keçirilən oyunlarda 12 qələbə qazanan "Qəbələ" 17 heç-heçə edib. 25 dəfə isə Ağdam klubu qalib gəlib. 118 qolun vurulduğu matçlarda 47 dəfə rəqib qapısına yol tapan "Qəbələ" futbolçuları 71 top buraxıblar.
 
Premyer Liqa görüşlərində isə 10 dəfə üç xala sevinən "qırmızı-qaralar" 12 dəfə bərabərliklə kifayətlənib. 23 dəfə qələbə qazanan "Qarabağ" top fərqində də öndədi – 63:40.
 
27-ci dəfə ağdamlılarla evdə oynayacaq "Qəbələ" doğma divarlar arasında 8 dəfə qalib gəlib. 8 heç-heçə edən bu komanda 10 dəfə uduzub. Bu görüşlərdə 56 qol qeydə alınıb. Qonaqlar 29, meydan sahibləri 27 dəfə fərqlənib.
 
Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" – "Qarabağ" matçına saat 17:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest