Bir müddət əvvəl baş məşqçi dəyişikliyinə əl atan "Zirə"nin futbolçu heyətində də islahat aparılacaq. Matc.az saytının məlumatına görə, yeni çalışdırıcı Zaur Həşimov artıq "qara siyahı"sını hazırlamağa başlayıb.

Bir çox baş məşqçi kimi, öz heyətini qurmaq istəyən gənc mütəxəssis qış fasiləsində və mövsümün sonunda bunun üçün addımlar atacaq. 38 yaşlı çalışdırıcı ilk növbədə Samir Abasovun dönəmində alınan oyunçuların yola salınmasını istəyir.

Həşimovun komandasında görmək istəmədiyi ilk futbolçu artıq bəllidi. Belə ki, yay fasiləsində Hindistandan böyük ümidlərlə gətirilən hücumçu Soni Norde yeni baş məşqçisinin oyun fəlsəfəsinə uyğun deyil. "Neftçi"yə qarşı debüt oyununda haitili forvardı 90 dəqiqə meydanda saxlayan Həşimov ötən həftəsonu "Sabah"la qarşılaşmada ona ehtiyac duymamışdı. Baş məşqçi matçdan sonra Nordenin hücumçu keyfiyyətlərindən məmnun qalmadığını və əsas hücumçusunun Riçard Qadze olacağını söyləmişdi. Bununla da Nordenin xidmətinə ehtiyac duymadığını açıq şəkildə bildirib.

Bu isə o deməkdi ki, 30 yaşlı forvard indidən özünə klub axtarsa, yaxşı olar. Qış fasiləsində bununla bağlı hansısa təklif olarsa, çox güman ki, "Zirə" oyunçusunu yola salacaq. Əks təqdirdə, Norde mövsümün sonuna qədər ehtiyat qüvvə kimi gün keçirəcək.

Qeyd edək ki, Soni Nordenin "Zirə" ilə müqavilə müddəti cari mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest