“Qəbələ” Azərbaycan Premyer Liqasının ikinci dövrəsindəki ilk ev oyununu sabah keçirəcək. Matc.az xəbər verir ki, dövrəni iki səfər matçı ilə başlayan “qırmızı-qaralar” bu dəfə “Sabah”ı qəbul edəcək. Paytaxt təmsilçisi ilə 10-cu turun görüşü Qəbələ şəhər stadionunda baş tutacaq.
 
Bu, əyalət təmsilçisinin bakılılarla 8-ci qarşılaşması olacaq. Komandalar indiyədək 7 dəfə görüşüb. Oyunlardan 6-sı ötən mövsümə, 1-i cari çempionata təsadüf edib. Əvvəlki matçlarda böyük üstünlüyə malik “Qəbələ”nin hesabında 5 qələbə, 1 heç-heçə və yalnız 1 məğlubiyyət var. İlk görüşdə uduzduqdan sonra 6 oyundu uduzmayan “qırmızı-qaralar” top fərqində də öndədi – 6:2.  Bütün qələbələri eyni – 1:0 hesabı ilə olan “Qəbələ” son beş qarşılaşmada qapısını toxunulmaz saxlayıb. “Qəbələ”nin “Sabah”la matçlarında yalnız bir futbolçu – Ceyms Adeniyi iki top vurmağı bacarıb.
 
7 görüşdən 2-si kubok, 5-i Premyer Liqaya təsadüf edib. Çempionatdakı qarşılaşmalarda 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyəti olan “Qəbələ” top fərqində də öndədi – 4:2.
 
“Qəbələ” 4-cü dəfə “Sabah”ı öz meydanında qəbul edəcək. Əvvəlki 3 oyunda uduzmayan “qırmızı-qaralar” 2 qələbə və 1 heç-heçəyə malikdi. Vurulan 4 qoldan üçü “Qəbələ” futbolçularının, biri rəqibin aktivindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest