AzTV-də işləyən dostumuz danışıb: "Radio verilişlərinin birində aparıcı idim. Qonağım xalq artisti, görkəmli aktyor Rasim Balayev olmalı idi. Bütün ölkənin sevimlisi Rasim bəy televiziyanın həyətinə istənilən vaxt sərbəst daxil ola bilən tək-tük insanlardan idi. Amma bu dəfə qalmaqal düşüb. Verilişə gələndə işə yeni çıxan mühafizəçi Balayevlə kobud rəftar edib, redaksiyaya keçməsinə icazə verməyib. Bundan əsəbiləşən görkəmli aktyor özünü təqdim etsə də, onu itələyib çölə çıxarıb. O, məcbur olub, "mən Rasim Balayevəm, Babəkəm, Nəsimiyəm" deyib. Dünyadan bixəbər mühafizəçi isə polisə zəng vurub ki, bir nəfər gəlib, buranı dağıdır. Adını da düz demir. Gah deyir Rasim, gah deyir Babək, gah da deyir Nəsimiyəm..."

Deyilənlərə görə, oxşar hadisə Tərlan Əhmədovun da başına gəlib. "Neftçi"nin indiki prezidenti Kamran Quliyev Tərlan bəylə üz-üzə gələndə "nədənsə mənə tanış gəlirsiz, harada işləyirsiz" deyə, sual edib. Əhmədov isə "mırta" deyib ki, şou-bizneslə məşğulam. Quliyevin "deyirəm axı, sizi hardasa görmüşəm" cavabından sonra Əhmədov bildirib ki, sən necə futbolla məşğulsan ki, 10 ildən artıq milli komandanın formasını geyinmiş futbolçunu tanımırsan!?

Bu söhbəti mənə stajlı idman jurnalistləri danışıb. Tərlan bəydən belə bir hadisənin olub-olmadığını soruşanda, təkzib etməsə belə, xeyli güləndən sonra "boş ver" dedi. Amma Kamran Quliyevlə söhbət zamanı da bu söhbətə aydınlıq gətirməsini istəmişdim. Sualı axıra qədər dinləmədi və bir az sifətini turşudandan sonra əsəbi şəkildə "yalandı, elə söhbət olmayıb" söylədi...

Bütün hallarda, mənə görə, mühafizəçinin Rasim Balayev kimi sənətkarı tanımamağı ilə futbol təsərrüfatında çalışan birinin - Quliyevin Əhmədovu tanımamağı arasında hansısa fərq yoxdu.

Bəs Quliyevin tanımadığı şəxs kimdi? Tərlan bəy karyerası ərzində ölkəmizdə "Neftçi", "Qarabağ", "Turan", "Karvan", "Olimpik", ölkə xaricində "Terek" (Qroznı), "Anji" (Mahaçqala), "Fakel" (Voronej), "Volın" (Lutsk) kimi klublarda forma geyinib. SSRİ yığmasının heyətində Avropa çempionu olan 2 azərbaycanlı futbolçudan biridi.

Deyilənlərə inansaq, ötən il məlum səsvermədə "getsin"ə "like" edən Quliyevin Əhmədova qarşı kini elə bu söhbətdən başlayır...

Bu gün Əhmədov 48 yaşını qeyd edir. Təbrik edirik!

Artıq Kamran müəllim də, Əhmədovu yaxşı tanıyır. Gec də olsa...

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest