Gürcüstanın paytaxtı Tbilisidə 16 yaşadək qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı start götürüb. Matc.az xəbər verir ki, Gürcüstan, Latviya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Litva və Polşanın iştirak etdiyi yarışda voleybolçularımız A qrupunda mübarizə aparır.

Emin Əbilovun rəhbərlik etdiyi komanda ilk matçını Ukrayna millisinə qarşı keçirib. Görüş ukraynalıların 3:0 hesabı ilə qələbəsi ilə (25:11, 25:12, 25:11) yekunlaşıb.

AVRO-2020-yə seçmə statusu da daşıyan yarışda Azərbaycan yığması növbəti oyununu bu gün ev sahibi Gürcüstana qarşı keçirəcək. Oyun saat 15:00-da başlayacaq. Yığmamız sabah isə Rusiya ilə (12:30) üz-üzə gələcək.

Qeyd edək ki, Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı U-17-lər arasında 2020-ci ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsi (I raund) statusundadı. Yarışın reqlamentinə əsasən, çempion birbaşa Monteneqroda keçiriləcək Avropa çempionatının finalına vəsiqə əldə edəcək. 2020 Avropa çempionatının II seçmə mərhələsində isə reytinq cədvəlində nəticələri yüksək olan 20 komanda mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest