“Başa çatmaqda olan 2019-cu il Azərbaycan Velosiped İdmanı Federasiyası üçün uğurlu nəticələrlə yadda qalıb”. Matc.az xəbər verir ki, bu fikirlər Respublika Velotrekində keçirilən ilin yekun toplantısında səsləndirilib.
 
Hesabat məruzəsi ilə çıxış edən federasiyanın baş katibi Fərhad Əliyev bildirib ki, ilin əsas hadisəsi Azərbaycan yığma komandası üzvlərinin Tokio-2020 Yay Olimpiya Oyunlarına şose velosipedinin qrup ötüşməsində lisenziya qazanması olub. Rio-2016 Yay Olimpiya Oyunları ilə müqayisədə Tokio Olimpiadası üçün iştirakçı sayının 150-dən 130-a endirilməsi mübarizəni daha da çətinləşdirib. Bütün lisenziya yarışlarında iştirak edən yığma üzvlərimiz 894 xal toplayıb və dünya reytinqində 44-cü olmaqla arzuolunan lisenziyaya sahib çıxıb.
 
Bu yarışlar zamanı millimizin lider idmançıları Elçin Əsədov və Samir Cəbrayılov Avropa, Asiya və Afrikada keçirilən yarışlarda 12 dəfə fəxri kürsüyə qalxıblar. Bundan başqa, gənc oğlan və qızlardan ibarət yığma komanda üzvlərimizdən Nəcəf Bağırov, Nikita Sıtov və Lalə Əbdürəhmanova İran İslam Respublikası, Belçika və Türkiyə keçirilən beynəlxalq yarışların qalib və mükafatçısı olublar.
 
İl ərzində əldə olunan nailiyyətlər ölkə idman rəhbərliyinin də diqqətindən kənarda qalmayıb. Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yığma komandamızın baş məşqçisi Əbülfəz Məmmədovu mənzillə təltif edib. Bundan başqa, Gənclər və İdman naziri cənab Azad Rəhimovun müvafiq əmri ilə Əbülfəz Məmmədova “Azərbaycanın Əməkdar Məşqçisi”, ölkəmizi Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək Elçin Əsədova isə “Azərbaycanın Əməkdar İdman Ustası” fəxri adı verilib.
 
İslasa yekun vuran Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Direktorlar Komitəsinin üzvü Sahib Ələkbərov növbəti ildə federasiyanın qarşısında duran əsas vəzifələrdən danışıb və il ərzində fərqlənən idmançı və məşqçilərə fəxri diplomlar təqdim edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest